Tahir Salahov Bakıya gəlib
04 Mart 2009 Çərşənbə 23:10
Çingiz Mustafayev Fondu tərəfindən 2008-ci ilin adamı seçilən xalq rəssamına mükafat martın 6-da təqdim ediləcək

 

Çingiz Mustafayev Fondunun təsis etdiyi «İlin adamı» mükafatına layiq görülmüş xalq rəssamı Tahir Salahov Bakıya gəlib. Rusiyada yaşayan həmyerlimizin vətənə gəlişinin məqsədi mükafatın təqdimat mərasimində iştirak etməkdir. Çingiz Mustafayev Fondu tərəfindən 2008-ci ilin adamı seçilən xalq rəssamına mükafat martın 6-da təqdim ediləcək. Qeyd edək ki, görkəmli fırça ustası milli təsviri sənətin inkişafında, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında göstərdiyi əvəzsiz xidmətlərinə görə bu mükafata layiq görülüb. Tahir Salahov 81 illik həyat yolunda saysız- hesabsız mükafatlar alıb. Amma bu mükafatın onun üçün ayrıca yeri var: «Bu, mənim üçün ən əzizmükafatdır. Çox sevinirəm. Bakıya gəlməyə tələsirdim»

Xatırladaq ki, Tahir Salahov Azərbaycan Rəssamlar Birliyində, Azərbaycan Dövlət İncəsənət Universitetində, Moskva Dövlət Universitetində çalışıb, həmçinin SSRİ Rəssamlar Birliyində birinci katib vazifəsini tutub. 1997-ci ildə xalq rəssamı Rusiya Rəssamlıq Akademiyasının və YUNESKO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti seçilib. «Şəhər eşalonu», «Rezervuar parkı», «Abşeron qadınları», «Qara Qarayev», «Fikrət Əmirov», «Aydan» tabloları rəssamın fəlsəfi axtarışlarının real nəticəsidir. Zəngin yaradıcılığına görə Tahir Salahov 1965-70-ci illərdə Azərbaycan dövlət mükafatı, 1968-ci ildə SSRİ dövlət mükafatı, Azərbaycanın «İstiqlal» ordeni, eləcə də dünyanın bir çox ölkələrində mükafatlarla təltif edilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar