“Satirik rəsm” adlı sərgi təşkil olunub
09 Yanvar 2010 Şənbə 23:35
“Satirik rəsm” adlı sərgi təşkil olunub. Tədbir Rusiya Karikaturaçılar Birliyinin təşəbbüsüylə baş tutub.
Bu günlərdə Rusiyanın Sverdlovsk vilayətində Azərbaycan karikaturaçılarının əsərlərindən ibarət sərgi keçirilib. “Satirik rəsm” adlanan sərgi Sverdlovskun muzey-sərgi kompleksində təşkil edilib. Azərbaycan Karikaturaçılar Birliyinin (AKB) sədri, Əməkdar incəsənət xadimi Bayram Hacızadənin sözlərinə görə, tədbir Rusiya Karikaturaçılar Birliyinin təşəbbüsüylə baş tutub.

Sərgidə AKB-nın üzvü olan 25 rəssamın 60-dan çox əl işi nümayiş etdirilib. Rusiyalı sənətsevərlər Yavər Əsədov, Vəfa Allahyarova, Soltan Soltanlı, Seyran Cəfərli, Hafiz Nəsiroğlu, Yaşar Səmədov və başqa karikatura ustalarının əsərləri ilə tanış olmaq imkanı əldə ediblər. Bayram Hacızadənin sözlərinə görə, sərgidə müxtəlif mövuzlarda olan müasir sənət nümunələri təqdim edilib.

Sverdlovsk vilayətində təşkil olunan “Satirik rəsm” adlı sərgi daha bir ay müddətində nümayiş etdiriləcək.

Karikaturaçılar Birliyiin sədri isə bu yaxınlarda Bolqarıstanda keçirilən “Zero” beynəlxalq karikatura müsabiqəsində mükafata layiq görülüb. Rəssamın ekologiya mövzusunda olan əl işi müsabiqənin xüsusi mükfatını qazanıb.

Müsabiqə Bolqarıstan Karikaturaçılar Təşkilatı tərəfindən Avropa İttifaqının dəstəyilə baş tutub. Yarışmaya dünyanın 50-ə yaxın ölkəsindən karikaturaçı rəssamlar qatılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar