Romada Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
21 Aprel 2012 Şənbə 00:15
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.
“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən, şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında böyük söz ustadının abidəsinin açılışı olub. AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Birinci xanım Mehriban Əliyeva və Roma Şəhər Meriyasının beynəlxalq şöbəsinin müdiri xanım Serena Forni abidənin üzərindəki ağ örtüyü götürüblər. Abidənin önünə əklil qoyulub.

Xanım Serena Forni tədbirdə çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu mərasimdə iştirakına görə minnətdarlığını bildirib, Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasını ölkələrimiz arasında dostluğun rəmzi kimi qiymətləndirib.
Dahi Azərbaycan şairinin xatirəsinə Romada ucaldılan abidənin həm də ölkələrimiz arasında əməkdaşlığın bir hissəsi kimi qiymətləndirən Serena Forni Mehriban Əliyevanın səyləri sayəsində son vaxtlar Romada bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Serena Forni ötən il Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı Romada keçirilmiş tədbirin əhəmiyyətini də vurğulayıb.

Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirən Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb. Professor bildirib ki, dahi Nizaminin yaradıcılığı Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır. “Nizamini İtaliyada da yaxşı tanıyırlar”, - deyən alim xalqımızın dahi oğlunun əsərlərinin italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun bütün yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib. Abidənin ucaldılmasında əməyi olan insanlara minnətdarlığını bildirən Mehriban Əliyeva bu günlərdə İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini xatırlatmış və qeyd etmişdir ki, dahi şairimizə möhtəşəm abidənin açılması bu hadisənin kulminasiya nöqtəsidir.

“Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir”, - deyən Mehriban Əliyeva Nizami yaradıcılığının bütün dünyada sevildiyindən danışmış, UNESCO tərəfindən ədibin 850 illiyi münasibətilə 1991-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyini diqqətə çatdırıb. Bu gün şairin əlyazmaları dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanılır.

Mehriban Əliyeva Nizami yaradıcılığının yüksək sənətkarlıq, ədalət, xeyirxahlıq düşüncələri ilə seçildiyini vurğulayıb, hələ orta əsrlərdə - Renessans dövründə bir çox Avropa ədiblərinin Nizaminin əsərlərinə müraciət etdiyini söyləyib.

Dahi Nizaminin qədim Azərbaycan şəhəri olan Gəncədəki məqbərəsinin mədəniyyət və tarixi abidə kimi dövlət tərəfindən qorunduğunu vurğulayan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: “Mən əminəm ki, belə möhtəşəm parkda, Romanın qəlbində dahi şairə, filosofa, humanist insana bu abidənin açılması İtaliyada da onun yaradıcılığına, poeziyasına diqqət və marağı artıracaq. Eyni zamanda, bu hadisə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinə şübhəsiz ki, öz töhfəsini verəcək. İtaliya ilə Azərbaycan bu gün demək olar ki, bütün sahələrdə tərəfdaşdır və bizim mədəniyyət sahəsində görüşlərimiz artıq ənənəvi xarakter daşıyır”.

“Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir”, - deyən Mehriban Əliyeva əminliklə bildirib ki, gələcəkdə ölkələrimiz arasında daha çox görüşlər, birgə maraqlı layihələr olacaq və əməkdaşlığımız daha da möhkəmlənəcək.

Dahi şairin Romadakı abidəsinin müəllifləri Xalq Rəssamı Salxab Məmmədov və Əməkdar Rəssam Əli İbadullayevdir. Layihə Roma şəhər meriyasının tarix və incəsənət komissiyası tərəfindən də təsdiqlənib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar