Rəssam Qurban Məlikov yubiley sərgisi açıb
08 Yanvar 2010 Cümə 20:41
Yanvarın 8-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda əməkdar rəssam Qurban Məlikovun 80 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib.
 APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssamın yaradıcılığından və onun Azərbaycan rəssamlıq sənətində xüsusi yerindən danışıb. Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov isə bildirib ki, 80 yaşında əlinə qələm götürüb rəsm çəkən insana çox az rast gəlinir: “Bu, onun işinə olan böyük sevgisindən irəli gəlir”.

Qurban Məlikov çıxışında iştirakçılara təşəkkür edib və 80 yaşında ilk dəfə olaraq əsərlərindən ibarət kataloqun hazırlandığını söyləyib: “200-ə yaxın televiziya tamaşasında quruluşçu rəssam olmuşam. Təəssüf ki, o vaxt tamaşalar canlı efirə gedirdi və sonra həmin tamaşanın izi-tozu da qalmırdı. Sonradan bir neçə tamaşam lentə alındı və indi tez-tez ekranda göstərilir”.

Çıxışlardan sonra Q. Məlikovun rəngkarlıq janrında çəkdiyi əsərlərin sərgisi tədbir iştirakçılarının ixtiyarına verilib.
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar