Opera və Balet Teatrı fəliyyətini dayandıracaq
18 Sentyabr 2009 Cümə 06:25
Teatrın binası, səhnəsi, tamaşa zalı əsaslı şəkildə yenidən qurulacaq, əlavə yeni inzibati korpus inşa olunacaq
Paytaxtın ən qədim sənət ocaqlarından olan Opera və Balet Teatrı ilin sonunadək fəliyyətini dayandıracaq, əsaslı təmir və yenidənqurma işləri başlayacaq. Qeyd edək ki, layihəni İtaliya şirkəti Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlayıb. Teatrın binası, səhnəsi, tamaşa zalı əsaslı şəkildə yenidən qurulacaq, əlavə yeni inzibati korpus inşa olunacaq. Zal və səhnənin yenidən qurulmasına italiyadan peşəkar ustalar cəlb ediləcək. Səhnə ən müasir və çevik texnologiya əsasında qurulacaq, akustika sistemi müasir standartlara uyğunlaşdırılacaq, avadanlıq dünyanın ən məşhur şirkətlərindən alınacaq.
İlkin layihə altı ay ərzində təkmilləşdiriləcək və bundan sonra yenidənqurma işlərinə başlanacaq. Teatrın binası dünyanın ən tanınmış sənət ocaqları ilə müqayisə oluna biləcək səviyyəyə çatdırılacaq. Bu, eyni zamanda, azərbaycanda teatr sənətinə marağın artmasında mühüm rol oynayacaq.
Xatırladaq ki, Opera və Balet Teatrının binası 1911-ci ildə tikilib. 1920-ci ildə burada Birləşmiş Dövlət Teatrı yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil Opera və Balet Teatrı olub. 1928-ci ildə teatra Mirzə Fətəli Axundovun adı verilib, 1959-cu ildən isə Akademik Opera və Balet Teatrı adlandırılıb. Hazırkı binada isə tamaşalar 1920-ci ildən göstərilir. Paytaxtımızın mərkəzində yerləşən bu möhtəşəm sənət ocağının səhnəsində uzun illər klassik və müasir əsərlər tamaşaya qoyulub. Milli opera sənətində baş verən mühüm hadisələr bu bina ilə bağlı olub. Teatrda Azərbaycan və dünya bəstəkarlarının ən məşhur əsərləri səhnələşdirilib. Opera və Balet Teatrına istər keçmiş SSRİ məkanında, istərsə də dünya miqyasında şöhrət qazandıran yalnız zəngin repertuar olmayıb. Bu teatr binasının divarları arasında Azərbaycan vokal sənətinin bir çox parlaq nümayəndəsi yetişib, şöhrət qazanıb. Teatr bu gün də Azərbaycanın möhtəşəm sənət məbədi missiyasını uğurla davam etdirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar