Məlahət Abbasova “TRT Avaz”da proqram hazırlayır
08 Dekabr 2009 Çərşənbə Axşamı 14:10
Türkiyədə yaşayan və çalışan azərbaycanlı aktrisa Məlahət Abbasova “TRT Avaz”da aparıcılıq edəcək.
Bu barədə APA-ya məlumata verən aktrisa deyib ki, televiziyanın yeni layihələrindən biri olan “Sərhəd tanımayan eşqlər” adlı verilişin aparıcılıq missiyası ona həvalə olunub. Aktrisa qeyd edib ki, artıq bir neçə proqram hazırlanıb və yaxın vaxtlarda yayıma start veriləcək.

M. Abbasova verilişlərdən birinin Türkiyədə yaşayan azərbaycanlı sənətçi İradə İbrahimovaya həsr olunduğunu bildirib: “Eşidəndə ki, İradə xanım Azərbaycan əsilli Türkiyə vətəndaşı ilə ailə həyatı qurub, çox sevindim. Onunla telefon əlaqəsi yaradaraq verilişimin ilk qonaqlarından olmasını təklif etdim. Müraciətimi müsbət qarşılayan sənətçi ilə onun evində görüşdüm. İradə xanım söz vermişdi ki, çəkilişdə həyat yoldaşı ilə birgə qayınanası və qayınatasının da çıxışına imkan yaradacaq. Mən ötən həftə səmimi və mehriban bir ailənin qonağı oldum. Onlar isti söhbətləri ilə verilişin maraqlı keçməsinə imkan yaratdılar. Hətta İradə İbrahimovanın qayınatası səhhəti ilə bağlı uzun zamandır Azərbaycana gələ bilmədiyini kövrələrək söylədi”.

Məlahət Abbasovanın sözlərinə görə, veriliş həftədə bir dəfə yayınlanacaq. “Sərhəd tanımayan eşqlər” hər həftənin çərşənbə günü saat 20:00-da efirə gedəcək. Verilişin ana xətti ailə həyatı qurduqdan sonra uzaq ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının həyatı ilə bağlıdır. M. Abbasova proqramını yalnız Azərbaycan və Türkiyə ilə məhdudlaşdırmaq istəmir. O, tezliklə Makedoniya, İsveçrə və Orta Asiya ölkələrinə səfərlər edəcəyini deyib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar