Flora Kərimova: “AzTV-nin efirinə qayıtdığım üçün çox xoşbəxtəm”
12 Fevral 2010 Cümə 12:15
Uzun illərdən sonra AzTV efirində Azərbaycanın xalq artisti Flora Kərimovanın konserti nümayiş olunub.
APA-nın məlumatına görə, uzun müddət Azərbaycan Dövlət Televiziyasının solisti olan, xalq artisti Flora Kərimovanın AzTV-də çıxışına məhdudiyyət qoyularaq, maneələr yaradılsa da, dünən müğənniyə qarşı gözlənilməz jest edilib. Xalq artisti Nazpəri Dostəliyevanın keçirdiyi “Ulduzlar piratlara yox deyir” adlı konsertdə iştirak edən Flora Kərimovanın çıxışının efirə verilməyəcəyi gözlənilsə də, tam əksi baş verib. Xalq artisti ilə dövlət kanalı arasında müəyyən anlaşılmazlıqlar yaşanmasına baxmayaraq, iştirakının yayımlanmasına şərait yaradılıb.
Xalq artisti Flora Kərimova AZTV-də çıxışının yayımlanmasını media nümayəndələrinə belə izah edib: “Vallah, bu mənim üçün sözün əsl mənasında xoşagələn sürpriz oldu. Düzünü desəm, əslində həqiqətin nə yerdə olduğunu mən də tam bilmirəm. Ancaq özümü AzTV-nin efirində görəndə çox sevindim. Yuvama qayıtdığım üçün çox xoşbəxtəm. Mən müğənni kimi bu kanalda böyümüşəm, yaşa dolmuşam. İndi də bu ahıl yaşımda dövlət kanalında görünmək mənə çox xoş təsir bağışladı. Quş yuvasında özünü necə xoşbəxt hiss edirsə, mən də bu an özümü yuvama qayıtdığım üçün çox şad hiss edirəm”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar