“Eurovision-2010” müsabiqəsinin biletlərinin qiyməti açıqlanıb – FOTO
01 Fevral 2010 Bazar Ertəsi 12:35
Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsinin fevralın 8-də satışa çıxarılacaq biletlərinin qiyməti açıqlanıb.
APA-nın müsabiqənin rəsmi saytı olan “Eurovision.tv”yə istinadən yaydığı xəbərə görə, mayın 25-27-də keçiriləcək iki yarımfinal, eləcə də 29-da keçiriləcək final mərhələsi üçün ümumilikdə 90 min bilet satışa çıxarılacaq.

I və II yarımfinal müsabiqəsinin biletləri yerdən asılı olaraq 36-72 avroya (300-600 Norveç kronu), final mərhələsinin biletləri isə 96-192 avroya (800-1600 Norveç kronu) satılacaq. Həm yarımfinallar, həm də finalın əsas məşqinə biletlərin qiyməti yarımfinal konsertinin biletlərinin qiyməti ilə eyni olacaq.

Müsabiqəni işıqlandırmaq üçün akkreditə olunan media nümayəndələri hər il olduğu kimi, həm yarımfinalların, həm də finalın yalnız birinci məşqində iştirak edə biləcək. Əsas məşqlərə və konsertə digər tamaşaçılar kimi mətbuat nümayəndələri də yalnız biletlə buraxılacaqlar.

Qeyd edək ki, “Eurovision-2010” müsabiqəsi bu ilin mayında Oslodakı “Telenor Arena”da təşkil olunacaq. 55-ci “Eurovision” müsabiqəsində 39 ölkə iştirak edəcək. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar