“Bank of Azerbaijan” kitab nəşr edir
09 Dekabr 2009 Çərşənbə 14:55
“Bank of Azerbaijan” kitab nəşr edir. Bu, “Ədəbiyyata sevginizi dəstəkləyirik” adlı yeni layihəsi çərçivəsində həyata keçirilir.
Azərbaycan Yazıçılar Birliyində (AYB) iki kitabın - şairə Nurəngiz Günün və Azərbaycan qadın yazıçılarının seçilmiş əsərlər toplusunun təqdimat mərasimi baş tutub. Kitablar “Bank of Azerbaijan”, Azərbaycan Yazıçılar Birliyi və “525-ci” qəzet tərəfindən reallaşan “Ədəbiyyata sevginizi dəstəkləyirik” adlı yeni layihəsi çərçivəsində nəşr olunublar.
“Bank of Azerbaijan”ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təqdimat mərasimində Azərbaycanın görkəmli ictimai xadimləri iştirak etdilər. AYB katibi, “525-çi” qəzetin baş redaktoru Rəşad Məcid öz çıxışında bu tədbirin mahiyyətini xüsusilə vurğulayıb.
“Bu günkü mərasim Azərbaycan ictimayyəti üçün xüsusi önəm daşıyır. Bu təqdimat ictimayyətdə ədəbiyyata olan sevginin oyanmasını göstərir. Kitabların nəşri ilə əlaqədar olan bütün xərcləri öz üzərinə götürmüş “Bank of Azerbaijan”ın da bu layihənin gercəklənməsində böyük rolu oldu. İnanmaq istərdim ki, digər biznes qurumlar da, “Bank of Azerbaijan”dan nümunə götürərək, müxtəlif ədəbiyyat layihələrində iştirak edəcəklər”, - deyə R.Məcid bildirib.
“Bank of Azerbaijan”ın Kommunikasiyalar Şöbəsinin rəhbəri Rüfət Abbasov öz növbəsində qeyd edib ki, bank bu lahiyədə iştirakı ilə fəxr edir.
“Lakin biz əldə olunan nailiyyətlərlə kifayətlənmək niyyətində deyilik. Bu layihə, “Bank of Azerbaijan”ın fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Korporativ Sosial Məsuliyyət çərçivəsində reallaşdırılıb. “Bank of Azerbaijan”ın əsas məqsədi – cəmiyyətimizə xidmət etməkdir. KSM üzrə ümumi strategiyamız “Cəmiyyətə Sevginizi Dəstəkləyirik” şüarı altında həyata keçirilir. Bu şüar hər bir layihəmizdə öz əksini tapacaq”, - deyə R.Abbasov vurğuladı.

Xatırladaq ki, “Ədəbiyyata sevginizi dəstəkləyirik” layihəsi Azərbaycan ədəbiyyatının inkişafı və cavan istedadların dəstəklənməsi məqsədini daşıyır. Kitablar ölkənin kitabxanalarına, “Bank of Azerbaijan”ın VIP müştərilərinə və “525-ci” qəzetin abunəçilərinə pulsuz paylanacaq. Seriyanın redaktoru Səlim Babullaoğludur. Yaxın zamanlarda layihə çərçivəsində Afaq Məsud, Günel Anarqızı və Aysel Əlizadənin əsərləri dərc olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar