Bakıda "Kino həftəsi" keçirilir
28 İyul 2009 Çərşənbə Axşamı 17:10
Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair dövlət proqramının icrası və milli kinonun ən yaxşı filmlərini nümayiş etdiriləcək

 

Milli kino günü münasibətilə iyulun 27-dən 31-dək paytaxt Bakıda "Kino həftəsi" keçirilir. Tədbir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, "Sinema" Gənc Kinomatoqrafçılar Mərkəzi və "Təkan" Tələbə Gənclərin İctimai Birliyinin birgə səyi nəticəsində baş tutur.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov kino həftəsinin keçirilməsində əsas məqsədin Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair dövlət proqramının icrası və milli kinomuzun ən yaxşı filmlərini nümayiş etdirmək olduğunu bildirib. "Bu kino həftəsinin keçirilməsində məqsəd ali təhsil ocaqlarında və ordudan tərxis olunmuş gənclərin iştirakı ilə müstəqillik dövründə çəkilmiş və hərbi vətənpərvərlik sahəsini əhatə edən filmlərin bərabər izlənməsi, bunun vasitəsilə geniş təbəqə arasında hərbi vətənpərvərlik hissinin aşılanması və filmlərə daha böyük marağın ayrılmasıdır".

Kino həftəsi çərçivəsində əsasən müstəqillik dövründə çəkilmiş hərbi vətənpərvərlik filmləri nümayiş etdiriləcək. Tamaşaçı auditoriyasını genişləndirmək məqsədilə Raqif Abbasov bir sıra tədbirlərin görüldüyünü də qeyd edib. Belə ki, bu məqsədlə bu kimi filmlərin cəbhə bölgəsindəki hərbi hissələrdə əsgər və zabitlərə nümayiş etdirilməsi düşünülür.

Qeyd edək ki, "Kino həftəsi" çərçivəsində hər gün bir film olmaqla Kinematoqrafçılar birliyinin kinozalında ümumilikdə 8 film nümayiş etdiriləcək. Filmlərə gəlincə, bunlar son dövrlərdə çəkilən "Qala", "Küçələrə su səpmişəm", "Yalan", "Girov", "Arxada qalmış gələcək", "Ev", "Ərazi" və başqalarıdır. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar