Bakı İslam mədəniyyətinin paytaxtıdır
06 May 2009 Çərşənbə 14:15
Bu gün Azərbaycan Turizm İnstitutunda Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş “Bakı İslam mədəniyyətinin paytaxtıdır” mövzusunda sərgi-elmi konfrans keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bildirib ki, Azərbaycan Qərb və Şərq mədəniyyətini özündə birləşdirən ölkədir, onun zəngin mədəni irsinin öyrənilməsi bütün İslam dünyası üçün mühüm əhəmiyyət kəsb edir.

M. Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, fəlsəfə elmlər namizədi Nəsib Göyüşov isə deyib ki, sivilizasiyalar arasında İslam sivilizasiyanın həmişə xüsusi yeri olub. Onun sözlərinə görə, İslamın geniş yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün deyil: “İslamın yayılması həm də mədəni ənənə və elmlə bağlıdır. İslamda qələmə və yazıya and içilir. Bütün bunlar onu göstərir ki, İslamda elmə böyük əhəmiyyət verilib. İslamın mədəni göstəricilərindən biri də kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazılmayıb”.

Tarix elmləri doktoru Fərid Ələkbərli isə bildirib ki, Azərbaycan İslam dünyasına mədəni, tibbi və s. sahələr üzrə çox qiymətli əsərlər bəxş edib. Onun sözlərinə görə, tibb elminin çiçəklənməsində müsəlman alimlərinin böyük rolu olub.

Qeyd edək ki, tədbirdə xəttat Vüqar Allahverdiyevin əl işlərindən ibarət sərgi də nümayiş olunub.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar