Amerikalı rəssamlar: “Bakının vizual görünüşü çox gözəl və heyranedicidir”
14 Dekabr 2009 Bazar Ertəsi 18:35
“Bakının vizual görünüşü çox gözəl və heyranedicidir. Şəhər axşamlar işıqlandırılarkən çox gözəl görünür.
Buranın incəsənət həyatı da olduqca maraqlı və tərifə layiqdir. Dünyada dəniz sahilində yerləşən istənilən yer çox gözəldir. Bakı da bu sıraya daxildir”. Bu sözləri APA-ya açıqlamalarında “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalında iştirak etmək üçün Azərbaycana gəlmiş Filadelfiya (ABŞ) rəssamları Suzan Riis Horvits və Robert Roiş deyiblər. Rəssamlar bildiriblər ki, bu, onların Azərbaycana ilk səfərləridir: “Burada çox möhtəşəm və gözəl vaxt keçirdik. Azərbaycanın çox maraqlı insanları var və biz də onlarla tanış olmaq imkanı qazandıq. Bakıda gördüklərimizi ikimiz də rəsmə köçürmək fikrindəyik. Əminəm ki, evə döndüyümüz zaman bu istəyimizi həyata keçirəcəyik. Bu, dərhal baş verən bir şey deyil, bunun üçün bəzən illər tələb olunur. Biz dünən Bakıdan kənara çıxmışdıq. Getdiyimiz yerlərdə daşlar və qayaları gördük və bunlar çox möhtəşəm görünür. Miniatür Kitab Muzeyi mənə çox böyük zövq verdi və bundan sonra miniatür kitablar üzərində daha çox işləməyi qarşıma məqsəd qoydum”.

Suzan Riis Horvits və Robert Roiş bundan sonra Azərbaycanda sərgilərinin açılması üçün dəvət alacaqlarına ümid etdiklərini vurğulayıblar: “Biz hər ikimiz bunu çox istəyirik, çünki buradakı incəsənət bizi valeh edib. Eyni zamanda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyən bir çox rəssam və heykəltəraşla tanış olmuşuq və təəssüratlarımız çox gözəldir. Onların işlərindən sözün həqiqi mənasında zövq aldıq. Səfərimizin çox hissəsini isə biz gənc tələbələrlə keçiririk. Tələbələrinizin çox istedadlı olduqlarını deməliyik”.

Robert Roiş qeyd edib ki, istedadlı azərbaycanlı tələbələrin Filadelfiyaya gəlməsi və orada təhsil alması üçün lazımi addımlar atılacaq: “Tələbə mübadiləsi təşkil edilsə, çox gözəl olar. Biz bu işi öz öhdəmizə götürmək istəyirik. Geri döndükdən sonra dərs dediyim universitetin dekanı ilə danışacağam və bunu reallaşdırmağa cəhd göstərəcəyəm”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar