18 may Beynəlxalq Muzeylər günü qeyd olundu
18 May 2009 Bazar Ertəsi 14:05
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət teatr Muzeyində məktəblilərin ifasında muğam dinlənildi

 

Bu gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət teatr Muzeyində 18 may Beynəlxalq Muzeylər günü qeyd olundu. 2009-cu ilin “Uşaq ili“ elan edilməsi və milli sərvətimiz, dünya mədəniyyətinin tərkib hissəsi olan muğamın YUNESKO tərəfindən Qeyri-maddi Mədəni İrs Siyahısına salınmasını nəzərə alan muzey keçirəcəyi tədbiri də məhz bu iki istiqamət üzərində qurmuşdu.

Muzeyin böyük elmi işçisi Lalə Rəsulovanın ANS PRESS-ə verdiyi məlumata görə, builki tədbir Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa mərkəzi ilə birlikdə təşkil edilib. Tədbirdə 3, 49, 160, 239 saylı orta məktəblərin şagirdlərinin ifasında muğam, musiqi və rəqs nömrələri, şeir parçaları təqdim olundu. 3 saylı orta məktəbin şagirdi Esmira Mikayılzadəni tarda Mübariz Paşayev, kamançada Salman Əliyev, nağarada isə Fazil Cəfərov müşayiət etdi.
Bununla yanaşı, muzeyin ekspozisiyasında Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən bərpa edilərək yenidən həyata qaytarılmış muzey eksponatları da nümayiş etdirildi. Tədbirə Bakı muzeylərinin əməkdaşları, Azərbaycan Dövlət Dənizçilik Akademiyasının müdavim və müəllim heyəti qonaq qismində dəvət olunmuşdular. Qeyd edək ki, bu gün muzeydə “Açıq qapı” günü elan edilib.  

18 may Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən Beynəlxalq Muzeylər günü kimi qeyd edilir.

Aytən Həmidova /ANS PRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar