Həyatın demək olar ki, dayandığı vaxtda oxucularımı salamlayıram.
Niyə dayandığı vaxtda?
Çünki Bakıya qar yağanda sanki həyat dayanır.
Nə isə bu yazımda problemlərdən yazmayacam.
E-mail adresimə gələn suallara burada cavab verəcəm.
Qızlar tərəfindən ən çox verilən 5 suala cavab vermək qərarına gəldim.
Buyurun oxucularımla sual-cavablarımı oxuyun.
1. Salam Leyla xanım. Yazılarınızı oxumadan günə başlamıram. Elə yazılarınız var ki, təkrar-təkrar oxumaqdan doymuram. Özünüz haqqında daha geniş məlumat yazın. Haranı bitirmisiniz? Sevimli yazarım haqqında hər şeyi bilmək istərdim.
İmza Aytən.
Canım Aytən, çox sağol yazılarımı oxuyub, dəyərli fikirlərini mənimlə bölüşüb, mənə məktub yazdığın üçün.
Özüm haqqında daha geniş yazmaq istəməzdim. Yəqin bu fikrimə hörmətlə yanaşarsan. Yazılarımı oxuduqca istər-istəməz mənim haqqımda nələrisə öyrənə bilərsən. Ancaq onu deyə bilərəm ki, Bakı Dövlət Universitetini bitirmişəm. 25 yaşım var. Evliyəm.
2. Jurnalistikanı bitirmizsiniz? Sizə jurnalist deyə müraciət etmələrini istərdiniz, yoxsa yazar?
Sual çox maraqlı sualdır. Mən jurnalistikanı bitirməmişəm. İxtisasım tamam başqa sahədir və ixtisasım üzrə çalışıram. 9 yaşımdan isə yazıram. Şer, hekayə indidə köşə yazıları. Fikrimcə jurnalistikanı bitirən insanlara jurnalist deyə müraciət olunsa daha yaxşı olar. Dünya ədəbiyyatındada yazarlar fərqli ixtisaslardan olub. Yazar olmaq ilk növbədə istedad tələb edir. Ona görə də mənə yazar olaraq müraciət etsəniz daha düzgün olar və mənə daha xoş olar.
3. Sizin yazılarınız maraqlı olduğu qədər başlıqlarıda çox maraqlıdır. İstər–istəməz oxucunu cəlb edir. Mənə maraqlıdır bəs sizin hansı yazılarınızın hansı başlığı xoşunuza gəlir?
Oxucularım çox sağolsun, maraqlı suallar yazırlar. Bəlkədə standart səslənəcək. Bütün yazılarım, başlıqları haqqında uzun müddət fikirləşdiyim üçün hamısı mənə əzizdir. Ayıra bilmərəm. Amma onu deyə bilərəm ki, mənim Cəsarətli oxucu məktubu başlıqlı yazımın İsveçdə yaşayan qəhrəmani Turanə, onun haqqında olan bu yazımı öz bloqunda bu başlıq altında yazıb qoymuşdu.
www.azeri.net bu gün sevgidən yazır. Bu başlıq mənim çox xoşuma gəlmişdi.
4. Oxucunu oxumağa məcbur edəcək qədər maraqlı yazırsınız. Azərbaycanda qadınların, gənclərin problemləri haqqında niyə yazılar yazmırsınız? Əvvəl elə düşünürdüm bu sizdə alınmaz. Amma İntiharın çıxış yolu, Etirazım var bu yazıları oxuduqdan sonra başa düşdüm ki, istəsəniz daha da ciddi mövzuda yaza bilərsiniz. İstənilən mövzuda yaza bilirsiniz. Kitab da çixarda bilərsiniz. İnandırım sizi ilk mən alaram.
Hörmətlə Nürəngiz.
Nurəngiz xanım səmimi yazdığın məktub üçün təşəkkürlər.
İlk köşə yazıları yazanda problemlərdən yazmamaq qərarını almışdım. Çünki Azərbaycanda kifayət qədər problemlərdən yazan yazarlar var. Bəzi problemlərdəndə təkcə yazmaq kifayət etmir. Əsas məsələ həll etməkdir. Həll etməksə biz yazar, jurnalistlərin əlində deyil. Mən sadəcə bu problem var və bu problemə etirazım var demək istədim. Ona görə Etirazım var adlı yazılarımın davamı olacaq.
Qaldı ki, kitab çıxartmaq məsələsinə. Mən çoxdan 1 kitabın müəllifiyəm. İnşallah 2-ci kitabımın nəşrinə hazırlaşıram.
5. Məndə köşə yazarı olmaq istəyirəm. Amma mənə maraqlıdır, bu sahədə çoxlu pul qazanmaq mümkündürmü?
Əvvəlcə sənə gələcək işlərində uğurlar!
Nə yazıq ki, Azərbaycanda istər yazarlar, istər kitab satışından qonşu ölkələrdəki yazarların qazandığı qədər pullar, heç yarısı qədər də pul qazanılmır.
Amma mən həmişə özümü yazanda çox xöşbəxt hiss etdiyim üçün yazıram. Əsas məsələ sevdiyin işi sevə-sevə görməkdir. Bəlkə gələcəkdə inşallah.
Suallar - cavablar bu qədər.
Xoş həftə sonu arzusu ilə
Leyla SALMANSOY