Bu qış hansı geyimlər dəbdə olacaq?
15 Noyabr 2012 Cümə Axşamı 20:53
Mütəxəssislər ANS PRESS-ə bu qışın dəbini şərh ediblər.
Hər il mövsüm dəyişdikcə insanların, xüsusilə qadınların tez-tez özlərinə verdikləri sual "nə geyinəcəm?" olur. Məhz bu amili əllərində əsas tutan və dəbi diktə edən mütəxəssislər mövsümə uyğun geyim və aksesuarları təqdim ediblər.

ANS PRESS-də modelyer Fikrət Əliyev və stilist Pərviz Mirzəyevin köməyi ilə öz oxucuları dəbin yenilikləri ilə tanış edir.

Modelyer F.Əliyevin sözlərinə görə, bu il o biri illərdən fərqli olaraq geyimlərdə fərqlilik və fərdilik seçiləcək. Məhz bu il geyimlər bizə nostalji hisslər yaşadacaq. Bu ildə boz, qəhvəyi, karamel rənglər üstünlük təşkil edəcək. Öz cazibədarlığını, hegemonluğunu əlində saxlayan qara rəngdə həmişəki kimi dəbdə qalacaq.

Bu il dəri gödəkçələr dəbdə olacaq. "Xəz yaxalıqlı həm dəri, həm də materiallardan ibarət gödəkçələr xanımların zövqünü oxşayacaq. Toxunma materiallar da öz aktuallığını qoruyub saxlayacaq. Digər illərdən fərqli olaraq bu il soyuq qiş günlərində paltolar dizdən aşağı olmayacaq. Ümumiyyətlə uzun paltolar yavaş yavaş qarderoblardan çıxmağa başlayacaq".

Modelyer qış qarderobunda xəz dəri materiallardan hazırlanmış həm qollu, həm də qolsuz jilet tipli üst geyimlərinə yer ayırmağı məsləhət görür.

F.Əliyev ziyafət geyimlərində də mövsümə uyğun olaraq uzun geyimlərin diqqət mərkəzində olacağını deyir. Lakin bu geyimlərin bu uzunluq üst paltarlarına təsir etməyəcək.

Qış mövsümü üçün aksesuarların iri, göstərişli, diqqətə çarpan olacağını deyən tanınmış moda mütəxəssisi Fikrət Əliyev çantalarında böyüklüyün ön planda olacağını qeyd edib. Lakin bu qayda gündəlik çantalar üçündür. Ziyafət üçün nəzərdə tutulan çantaların kiçik və daş-qaşlı olması tövsiyyə edilir.

"Ayaqqabılara gəldikdə isə onlar uzun çəkmə, uzunboğaz çəkmə, hərbi formanı xatırladan üslubda olacaqlar. Qısa paltarlarla platforma üslubu, uzun ziyafət paltarlarında isə incə dabanlar xanımların zövqünü oxşayacaq.

Mövsümün ön planda olan daha bir dəbi isə uzunboğaz çəkmələrlə plaşlar olacaq. Bu plaşların üzərindən aksesuar kimi istifadə edilən kəmərlər qadınların gözəlliyinə bir az da şarm qatacaq".

Stilist Pərviz Mirzəyev də ANS PRESS-ə açıqlamasında bu ilin geyim dəbinin əsasən dəri üzərində qurulduğunu deyib. "Biz bu istiqaməti tanınmış modelyerlərin kolleksiyalarında da görə bilərik. İlin favoroti dəri və üzəri müxtəlif metal işləmələrlə bəzədilmiş geyimlərdir. Bura çantalar, ayaqqabılar, üst geyimləri də aiddirlər".

Onun sözlərinə görə, mövsümdə daha çox minimalist kəsimli paltarlar üstünlük təşkil edəcək. Geyimlərin rənginə gəldikdə isə daha çox neon və parlaq rənglər dəbdə olacaq. Qara və ağ da həmişəki kimi aktuallığını qoruyub saxlayacaq.

Qarderobun vazkeçilməzlərindən olan cins yenə də öz yerini qoruyub saxlayacaq. Yeni mövsümdə belə materialdan olan şalvarların bədənə yapışan yox, daha çox boş və trapes forması qadınların favoroti olacaq. "Bu bizə bir növ 70-ci illərin dəbini xatırladacaq. Aksesuarlara gəldikdə isə bu il daha çox böyük həcmli çantalar və rəngarəng şərflər diqqət mərkəzində olacaq. Ayaqqabı dəbi isə ağır və qalın platformadan ibarətdir".

Lakin dəbin diktəsi ancaq geyim və aksesuarlarla məhdudlaşmır. Modanın əsas göstəricilərindən biri də saç formasıdır. Stilist saç rənginin dəblə deyil, daha çox üzə yaraşmalı olduğu qənaətindədir. "Saç rənglərində sarının bütün tonları və qəhvəyi rəngin 3 əsas çaları dəbdə olacaq".

Həmişəki kimi kişilər də ANS PRESS-in diqqətindən kənar qalmayıb. Güclü cinsin nümayəndələri üçün bu mövsümdə neoklassik üslub dəbdə olacaq. Modelyer Fikrət Əliyev pencəklər də bu il qırmızı, firuzəyi rənglərin dəbdə olacağınl deyir. Bununla belə qarada öz üstünlüyünü əldən verməyəcək. "Yaxası xəzli, formaca dizdən aşağı olan paltolar, dəri geyimlər, plaşlar, dar şalvar və onlarla geyinmək üçün uzun çəkmələr dəbdə olacaq. Belə geyimlərlə aksesuar qismində isə kişilər üçün nəzərdə tutulan çantalardan istifadə etmək olar.


DOSTLARINLA PAYLAŞ: