İqtisadi Reallıqlar
Sərvər Qurbanov
14 May 2009 Cümə Axşamı 00:59
        Müəyyən vaxtlarda, real yaxud da monetar sektorun nümayəndələri ilə görüşmə imkanım, daha doğrusu onlara qulaq asma fürsətim olur. Diqqətimi cəlb edən reallıqları qeyd olaraq yazıb yaddaşımın işini asanlaşdırmaq, bu məlumatları daha sonra istifadə imkanı da verir mənə. Keçən həftələrdən birində tanınmış avtomobil firmalarından birinin marketinq şöbəsi müdirini dinləmək fürsətim oldu. Azərbaycandakı reallıqları rəqəmlərlə görmək mənim üçün çox maraqlı idi. Həmsöhbətimizin verdiyi rəqəmləri sizlərlə də bölüşürəm. Adı keçən firmaya aiddi bu rəqəmlər: 1996`da illik 23 maşın satılırdı. 2008-ci ildə isə bu rəqəm 6900 olub. Ötən ildə, gündə 60 – 70 maşın satılıb. Aylıq hesabla da 800 civarında maşın satıldığı müşahidə edilmiştir. 2008-ci illə əlaqəli verilən bir iddia isə daha maraqlı oldu: əgər lazımı qədər ehtiyat maşın olsaydı, bu rəqəm asanlıqla on min olardı.
 
        Görüldüyü kimi, bəzən statistika hesabatlarında soyuq divarlara bənzəyərək mahiyyətlərini büruzə verməyən rəqəmlər, vətəndaşın başa düşəcəyi formaya bürünən kimi öz həqiqi mənalarını nümayiş etdirirlər. Bundan əlavə, Amerikada bir adamın salondan rəsmi sənədləri də həll edib, maşın almağı üçün lazım olan vaxtın yarım saat olması da digər maraqlı bir məqamdı. Bu vaxt ideal bir hədəfdi, biz də özümüzə bunu nümunə götürməliyik. Seminarda, marketinq müdirinin fərdi inkişaf üçün tələbələrə tövsiyəsini də bu sütundan sizlərə çatdırmaq istəyirəm. Həmin mütəxəssis, gənçlərə universiteti bitirmədən əvvəl öz maraq dairələri ilə əlaqəli sahələri müəyyənləşdirməyi tövsiyə etdi. Maraq dairəsini isə, magistratura təhsili yaxud əmək bazarında tutmaq istədiyiniz mövqe doldurulmaqdadır. Bu sahə məlum olduqdan sonra, universiteti bitirmədən əvvəl mövzuyla bağlı ən az 10-15 kitab oxumalısınız.
 
        Monetar sektorun nümayəndələri ilə görüşümüzdə isə, daha çox son vaxtlarda devalüasiya gözləntiləri haqqında yayılan yersiz məlumatlardan söhbət açdıq. MDB məkanında və Türkiyədə son vaxtlarda milli pullar ucuzlaşmışdır. Belarus rublu % 34, Ukrayna qrivnası % 54 , Rus rublu %12 , Qazax təngəsi % 20 ucuzlaşmışdır. Ama burada yaddan çıxarılmamalıdır ki, hər ölkənin özünə xas iqtisadi reallıqları var. Bir ölkədə yaxşı işləyən iqtisadı model, başqa bir iqtisadiyyat üçün eyni dərəcədə məhsuldar nəticələr verməyə bilər. 1929 Böyük İqtisadi Böhranı zamanında istifadə edilən bir söz var : “Əsil qorxmalı olduğumuz şey, qorxunun özüdür”. Burada vurğulanmaq istənən nöqtə, iqtisadiyyatda baş verən çaxnaşmalara, əksər hallarda böhranın əslinin deyil, qorxusunun səbəb olmağıdır. Bəs onda, qorxudan necə xilas olmaq lazımdır? Bu, Mərkəzi Bankların gözləntiləri idarə etməsi ilə bağlı məsələdir. Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatları 6 milyard dollar civarındadır. Beynəlxalq standardda, bir Mərkəzi Bankın kassasında, o ölkənin üç aylıq idxalatına kiyafət edəcək qədər valyuta ehtiyatı olmalıdır. Azərbaycanda bu üç aylıq idxalat rəqəmi, təqribi olaraq 2 milyard dollardır. Yəni, manatın ucuzlaşmaması üçün lazım olan qədər valyuta ehtiyatımız var.
 
        Son olaraq, devalüasiya, valyuta növündən borcu olan firmalara zərər verir. Ölkədəki idxal mallarının qiymətini kəskin sürətdə artırır. Yəni, həm istehlak, həm də istehsal baxımından devalüasiyanın mənfi nəticələri olacaqdır. Ona görə də, kimsə manatın ucuzlaşmasını həvəsli bir arzuyla gözləməməlidir. Mətbuat agentlikləri də bu məsələylə bağlı xəbər yazanda, mənfi nəticələri də nəzərə alıb, qələmi insafla istifadə etməlidirlər.
 
Sərvər Qurbanov