Elit Ağaclar
Lalə Gül
25 May 2011 Çərşənbə 11:38
Yeni don geydirdik çılpaq sevgiyə
Sinənizin üstə söz döyə – döyə
Sizi rəngləyəndə sarıya, göyə
İtirib rəngini zaman, ağaclar.
 
Gecələr alışır budaqlarınız.
Kül olur lampada yarpaqlarınız.
Gözümə düşəndə işıqlarınız
Gözümdən düşürsüz yaman, ağaclar.
 
Nə bizə kölgəsiz, nə bir quş evi
Gah dördbucaq olduz, gah da dairəvi
Dodağı qırmızı, gözləri mavi
Bəxti qara rəngə çalan ağaclar.
 
Sınmaz vüqar ilə döyüb sinəyə
Qoymazdız insanlar bir budaq əyə.
İndi budaqları qırılsın deyə
Saatın, dəqiqəsin sayan ağaclar.
 
Sarıbdı lampalar nər gövdənizi.
Rəngli neyləyirəm mən kölgənizi.
İşıqlar sönəndə yandırır bizi.
İşığı yananda yanan ağaclar.
 
Yanır min cürə rəng yanaqlarında.
Yanır başlarında, ayaqlarında
Sönməz bir ümidlə xəyallarında
Ruhunda yam – yaşıl qalan ağaclar.
Lalə GÜL