Vakant dövlət qulluğuna imtahanın nəticələri açıqlanıb
08 İyul 2010 Cümə Axşamı 11:10
Müsabiqənin test imtahanı mərhələsi 30 aprel – 5 iyul tarixlərində keçirilib.
Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 42 dövlət orqanı üzrə 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi 2010-cu il 30 aprel – 5 iyul tarixlərində keçirilib.

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, test imtahanı, Azərbaycanda ilk dəfə olaraq, kompüter vasitəsi ilə keçirilib. Bununla bağlı Komissiya tərəfindən “Dövlət qulluğuna qəbulun elektron idarə edilməsi sistemi”nin tərkib hissəsi kimi xüsusi proqram təminatı - “Test imtahanı” sistemi hazırlanıb. Test imtahanı başa çatan kimi onun nəticəsi namizədə təqdim edilib. Müsabiqədə iştirak etmək üçün Komissiyada 966-sı (23,50%) qadın, 3145-i (76,50%) kişi olmaqla 4111 namizəd qeydə alınıb. Onlardan 324-ü (24,29%) qadın, 1010-u (75,71%) kişi olmaqla 1334 nəfəri (bütün namizədlərin 32,45%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 340 nəfəri (92 qadın, 248 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə, 414 nəfəri (76 qadın, 338 kişi) - 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balı toplayıblar. 580 nəfər isə (156 qadın, 424 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıblar. Namizədlərdən 608 nəfəri test imtahanında iştirak etməyib. Bunlardan 97 nəfəri Əmlak Məsələləri Dövlət Komitəsi, 58 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və 52 nəfəri Dövlət Sosial Müdafiə Fondu üzrə qeydə alınmış namizədlərdir.

Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
- Əmlak Məsələləri Dövlət Komitəsi - 116 yerə qarşı qeydə alınmış 605 namizəddən 244-ü test imtahanından uğurla keçib;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 62 yerə qarşı qeydə alınmış 325 namizəddən 97-si test imtahanından uğurla keçib;
- İqtisadi İnkişaf Nazirliyi - 13 yerə qarşı qeydə alınmış 300 namizəddən 86-sı test imtahanından uğurla keçib;
- Mədəniyyət və Turizm Nazirliyi - 12 yerə qarşı qeydə alınmış 251 namizəddən 83-ü test imtahanından uğurla keçib;
- Maliyyə Nazirliyi - 24 yerə qarşı qeydə alınmış 200 namizəddən 82-si test imtahanından uğurla keçib;
- Bakı Apelyasiya Məhkəməsi - 21 yerə qarşı qeydə alınmış 243 namizəddən 78-i test imtahanından uğurla keçib.

Dövlət Dəniz Administrasiyası, Lənkəran Rayon Məhkəməsi, Hacıqabul Rayon Məhkəməsi, Xocalı Rayon Məhkəməsi, Şəki Rayon Məhkəməsi üzrə qeydə alınmış 1 namizəddən heç biri test imtahanından keçə bilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar