TQDK'dan müəllimlərə mükafat.
03 Mart 2009 Çərşənbə Axşamı 18:00
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında öz vəzifələrini yüksək səviyyədə icra etmiş 91 nəzarətçi müəllimi fəxri fərmanla təltif edib və mükafatlandırıb.
APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bununla bağlı keçirilən tədbirdə 10 il ərzində nəzarətçi müəllimlərin işinin qiymətləndirildiyini söyləyib: “TQDK-nın bazasında 5 min nəzarətçi müəllim haqqında məlumat var. Bu müddətdə bazaya daxil olan nəzarətçi müəllimlərin işini qiymətləndirmişik. Qiymətləndirmə zamanı müəllimlərin təkcə ali məktəblərə qəbul imtahanlarında deyil, həm də sınaq imtahanlarında iştirakı nəzərə alınıb. Bazaya daxil olan müəllimlərdən yalnız 91-i öz vəzifəsini yüksək səviyyədə icra etdiyinə görə təltif edilib”.

M. Abbaszadə bildirib ki, TQDK qəbul imtahanlarına cəlb olunan nəzarətçilərin fəaliyyətinin araşdırılmasına xüsusi diqqət yetirib və kompüter texnologiyası vasitəsilə onların imtahan zallarında vəzifələrini necə yerinə yetirmələrinə dair lazımi informasiyaları əldə edib. Komissiya sədrinin sözlərinə görə, ötən il qəbul imtahanlarına cəlb olunmuş 3687 müəllimdən 364-ü imtahanda laqeydlik, səhlənkarlıq göstərdiklərinə görə nəzarətçilər bazasından çıxarılıb. Onların siyahısı ciddi inzibati tədbirlər görülməsi üçün Təhsil Nazirliyinə göndərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar