Orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb
24 İyun 2011 Cümə 11:08
Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb.
Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gündən başlayaraq bir həftə ərzində nəticələrdən narazı qalan məzunların şikayətlərinin qəbulu məqsədilə Apelyasiya Komissiyası fəaliyyətdə olacaq. Nəticələr exam.edu.gov.az saytında yerləşdirilib.

Qeyd edək ki, TN Azərbaycanın 60 şəhər və rayonunda buraxılış imtahanları keçirib. İlk imtahan iyunun 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Lakın və Cəbrayıl rayonlarının orta məktəblərində keçirilib. Son buraxılış imtahanları isə iyunun 17-18-də Bakıda baş tutub.

Şagirdlərin attestata yazılacaq yekun qiyməti şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək.

2010-2011-ci tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar