Məzunlar imtahan verir
18 May 2014 Bazar 09:08
TQDK əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2014/2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 34 binada keçirilir. İmtahanların idarə olunmasına 152 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1619 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 18 773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13 856 abituriyent I qrup üzrə, 4917 abituriyent isə IV qrup üzrə imtahan verəcək.
16 810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil müəssisələrinin, 1772 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 57 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Abituriyentlərdən 17 551 nəfəri (I qrup üzrə 12 876 nəfər, IV qrup üzrə 4675 nəfər) Azərbaycan bölməsinin, 1222 nəfəri (I qrup üzrə 980 nəfər, IV qrup üzrə 242 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 11 923 nəfəri (I qrup üzrə 8709 nəfər, IV qrup üzrə 3214 nəfər) oğlan, 6850 nəfəri (I qrup üzrə 5147 nəfər, IV qrup üzrə 1703 nəfər) isə qızdır.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar