Magistraturaya qəbul imtahanının II mərhələsi başlayıb
23 İyun 2013 Bazar 09:36
Bu hüquqa malik olan bakalavrlardan 11 488 nəfəri qəbul proqramını seçərək təsdiqləyib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir.

Komissiyanın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, imtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar iyunun 3-dən 11-dək elektron ərizələrinə daxil olaraq, bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçərək təsdiq ediblər. Proqram seçimində bu il martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər.

Bu hüquqa malik olan bakalavrlardan 11 488 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 10 018 nəfəri Azərbaycan bölməsinin, 1470 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 5067 nəfərini oğlanlar, 6421 nəfərini isə qızlar təşkil edir. 6722 nəfər ali təhsil müəssisələrinin builki, 4766 nəfər əvvəlki illərin məzunudur. Bakalavrlardan 10 119 nəfərinin Bakı şəhərində, 267 nəfərinin Naxçıvan şəhərində, 1102 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, 2012-ci ildə isə 8529 bakalavr imtahanın ikinci mərhələsinə buraxılmışdı.

İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 26-dan 28-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar