Magistratura imtahanının nəticələri açıqlanıb
04 May 2009 Bazar Ertəsi 19:25
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə mayın 3-də keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb.
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticələr artıq TQDK-nın internet səhifəsində yerləşdirilib. Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

İmtahanda iştirak edən 14713 bakalavrın 6383-ü ikinci mərhələyə buraxılıb. Onlardan 3128-i oğlan, 3255-i qızdır.

İkinci mərhələdə iştirak hüququ qazanan bakalavrlardan 4357 nəfəri ali məktəblərin builki məzunlarıdır.

İkinci mərhələyə buraxılan bakalavrlar müəyyən olunacaq tarixdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisasları seçərək təsdiq edəcəklər. Bu zaman hər bir bakalavra müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçmək hüququ veriləcək. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır.

İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin iyunun sonlarında keçirilməsi nəzərdə tutulur.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar