IV ixtisas qrup üzrə imtahanın nəticələri açıqlandı
18 İyul 2011 Bazar Ertəsi 18:01
IV ixtisas qrup üzrə imtahanın nəticələri açıqlandı. 4144 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.
2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 16-da keçirilmiş qəbul imtahanının nəticələri iyulun açıqlanıb. ANS PRESS-in məlumatına görə, nəticələr TQDK-nın internet saytında yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı həmçinin "Azercell" və "Bakcell" nömrələrindən mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Qeyd edək ki, IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş abituriyentlərdən 691 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 29 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunub və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən 4144 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.

IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
• IV qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan.
• Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
• Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 200-dən az olmamalıdır (fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).
• Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
• Aşağıda göstərilmiş ixtisasların dövlət sifarişi əsasında ayrılış yerlərinin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər:
- Torpaqşünaslıq və aqrokimya;
- Aqronomluq;
- Zootexniklik;
- Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
- Meşəçilik;
- Əczaçılıq (baytarlıqda);
- Baytarlıq.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilib. anspress