IV ixtisas imtahanlarının nəticələri açıqlanıb
21 İyul 2009 Çərşənbə Axşamı 21:10
TQDK-nın mətbuat xidmətinin rəhbəri: “Bu qrupda imtahan verən abituriyentlərin əksəriyyəti Tibb Universitetinin ixtisaslarına qəbul olmaq istəyənlərdi”

 

IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanda iştirak edəcək şəxslər istisna olmaqla 3666 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. İmtahanda ən yüksək nəticə göstərən abituriyent isə 695 bal toplayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, IV ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin ümumi nəticələri qənaətbəxşdir.

“650-700 bal arasında IV ixtisas qrupunda nəticə göstərən abituriyentlərin ümumi sayı 30 nəfərdir.  600-dən yuxarı bal toplayanların sayı isə 223 nəfərdir. IV qrupda imtahan verən abituriyentlərin böyük əksəriyyəti  Tibb Universitetinin ixtisaslarına qəbul olmaq arzusunda olanlardı. Statistikaya nəzər salsaq ehtimal etmək olar ki,  500-dən az  nəticə göstərən abituriyentlərin qeyd olunan ali məktəbə daxil olması  mümkün olmayacaq.  Bu da kifayət qədər yüksək müsabiqə vəziyyətinin yaranması deməkdir”, - deyə o bildirib.

Əlavə edək ki, ali məktəblərə IV ixtisas qrupu üzrə iyulun 18-də keçirilən qəbul imtahanlarında 15 218 abiturieynt iştirak edib. Dörd nəfər imtahan qaydalarını pozduğuna görə xaric olunub. Bu qrup üzrə təqdim olunan plan yerlərinin ümumi sayının 2441 olduğunu deyən qəbul komissiyasının nümayəndə bildirib ki, IV qrupda nisbi keçid balı dəyişdirilməyəcək. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar