II ixtisas qəbul imtahanının nəticələri açıqlandı
26 İyul 2009 Bazar 18:45
İxtisas seçimi avqustun 3-dək internet vasitəsi ilə aparılacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2009/2010-cu tədris ili üçün Azərbaycanın ali məktəblərinə II ixtisas qrupu üzrə iyulun 24-də keçirilən qəbul imtahanının nəticələri açıqlanıb. ANS PRESS-ə TQDK-dan verilən məlumata görə, imtahan nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdirib. İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməlidir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

Qeyd edək ki, II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 25358 abituriyent sənəd verib. Onlardan 24009 nəfəri imtahanda iştirak edib. 13 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub.

TQDK II ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 250-dən, Riyaziyyat və coğrafiya fənləri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin buraxılmasını qərara alıb. Ümumi balı 350 və daha artıq olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Test imtahanının nəticəsinə əsasən 7695 abituriyent  müsabiqədə iştirak etmək hüququ qazanıb (Azərbaycan bölməsi üzrə 6510 nəfər, rus bölməsi üzrə 1185 nəfər). Bu ixtisas qrupunda təqdim olunan plan yerlərinin ümumi sayı 7331 -dir.
II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi 2009-cu il avqustun 3-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub.

Orta təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbulu müsabiqəsində iştirak  etmək üçün ixtisas seçimi ali  məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan  sonra - avqustun 7-dən 11-dək internet vasitəsilə aparılacaq. İxtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, plan yerləri və müsabiqə şərtləri artıq “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. /ANS PRESS/
 



DOSTLARINLA PAYLAŞ:

oyunlar