Ən yaxşı məktəb müsabiqəsinə 132 məktəb müraciət edib
28 Fevral 2013 Cümə Axşamı 13:17
Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsinə bu il 481 nəfərin sənəd təqdim etdiyi bildirib.
2013-cü ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə respublikanın ayrı-ayrı rayon və şəhərlərindən 132 məktəbin müraciət edilib. Təhsil Nazirliyində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Təhsil naziri Misir Mərdanov 2012-ci ildə 151 məktəb tərəfindən sənəd təqdim olunduğunu bildirib. Nazirin sözlərinə görə, sənəd verən 132 məktəbdən 21-nin 2007-2008-ci dərs ilində, 2-nin isə 2008-2009-cu dərs ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil müəssisələrindən 103 məktəbin müvafiq bal toplayaraq II mərhələyə buraxıldığını bildirən Misir Mərdanov onların ayrı-ayrı rayon və şəhərlər üzrə bölgüsünə diqqət çəkib. Nazir, həmçinin “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi üzrə məktəb direktorlarının təqdimat mərhələsinin martın 1-dən başlanmasının nəzərdə tutulduğunu söyləyib.

Təhsil naziri “Ən yaxşı müəllim” müsabiqəsinə 2012-ci ildə 464, bu il isə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477-nın sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi barədə məlumat verib. 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş müəllimlərdir. İştirakçıların sayına görə ibtidai sinif (44 nəfər), ingilis dili (32 nəfər), Azərbaycan dili və ədəbiyyat (23 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini nəzərə çatdıran təhsil naziri müsabiqədə iştirak edəcək digər müəllimlərin də fənlər üzrə təsnifatına diqqət çəkib. Nazir ekspertizanın nəticələrinə görə sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 201 nəfərin II mərhələyə buraxıldığını qeyd edərək müsabiqədə iştirak üçün sənəd verən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsündən söhbət açıb.

M.Mərdanov II mərhələyə martın 11-dən başlanmasının nəzərdə tutulduğunu qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar