Bu gün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək
29 Avqust 2010 Bazar 01:50
İmtahanlar saat 14.00-da başlayacaq və 1,5 saat davam edəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək. TQDK-dan ANS PRESS-ə daxil olan məlumata görə, qəbul imtahanında iştirak etmək üçün 30671 abituriyent ərizə təqdim edib.

Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9576 plan yerindən 8539-u Azərbaycan bölməsinə, 242 yer rus bölməsinə, 795 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir. Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində 56 binada keçirilir. İmtahan bütün binalarda eyni vaxtda - saat 14:00-da başlanır.

Bakı şəhərində 13962, Sumqayıtda 2169, Naxçıvanda 906, Gəncədə 3884, Lənkəranda 1667, Mingəçevirdə 1111, Şəkidə 1493, Şirvanda 1555, Ağcabədidə786, Göyçayda 1584, Qubada 1554 abituriyent imtahan verəcək. 1881 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 231 imtahan rəhbəri cəlb olunub. Bu imtahanlara nəzarətçi qismində müvafiq bölgələrin müəllimləri ilə yanaşı, ətraf bölgələrdən olan qabaqcıl müəllimlər də cəlb olunub.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq. İmtahanın nəticələri sentyabrın 5-dək TQDK-nın internet saytında yerləşdiriləcək, qəbul olanların siyahısı “Abituriyent” jurnalında dərc olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar