Azərbaycanda doktorantura pilləsində təhsil başlayıb
03 Yanvar 2012 Çərşənbə Axşamı 13:26
Yanvarın 1-dən Azərbaycanda doktorantura pilləsində təhsil başlayıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimov bildirib.
Onun sözlərinə görə, doktorantlar elmi işçi hesab edildiklərindən bayram günlərinin onların təhsilinə aidiyyəti yoxdur.

Bu il AMEA üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 215 plan yeri ayrılıb.
Azərbaycan Nazirlər Kabineti doktoranturaya qəbulun keçirilməsində iki il fasilə yaranması və qəbul imtahanlarında yüksək nəticə göstərən namizədlərin çoxluğu ilə əlaqədar AMEA-nın müraciətini nəzərə alaraq, əlavə 60 plan yerinin ayrılmasına qərar verib. Həmin yerlərə doktoranturaya keçirilən qəbul imtahanlarında yaxşı nəticələr göstərən, lakin müsabiqədən keçməyən namizədlər qəbul ediliblər. Əlavə plan yerləri AMEA-nın bütün bölmələri üzrə ayrılıb.

Beləliklə, bu il AMEA-da doktoranturaya qəbul edilən şəxslərin sayı 275 nəfər olub.