35 ölkənin alimləri Bakıya toplaşacaq
21 Aprel 2013 Bazar 09:22
Azərbaycanda Avropa gənc alimlərinin I beynəlxalq forumu keçiriləcək.
Mayın 20-dən 25-dək Bakı şəhərində Avropa gənc alimlərinin I beynəlxalq forumu keçiriləcək. Forum Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı və Avropa Gənc Alimlər Şurasının (EURODOC) dəstəyi ilə təşkil olunacaq. Forumun əsas məqsədi Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, qarşılıqlı və birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması və Azərbaycan alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsidir.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, forum çərçivəsində tədbirin rəsmi açılış mərasimi, “Kəsişən maraqlar: Avropalı gənc alimlərin yeni elmi istiqamətlərinin nəzəri əsasları - yanaşmalar, nəticələr” mövzusunda plenar sessiya, eləcə də aşağıdakı mövzuları əhatə edən paralel sessiyalar keçiriləcək:

•İqtisadiyyat və sosiologiya: Elmin iqtisadi inkişafı, problemlər və yeni metodlar, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiya.
• Texniki elmlər: texnika, nano texnologiyalar, İKT sahəsində yeni işlər.
•Tibb, Biologiya və Kimya: Biologiya, kimya və tibb sahəsində Avropa gənc alimlərinin elmi nəticələri.
•Yer elmləri və Ekologiya: yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr; biomüxtəliflik, torpağın çirklənmə və deqrodasiyadan qorunması, suyun vəziyyəti.
•Tarix, fəlsəfə, mədəniyyət: Avropa gənc alimlərinin humanitar sferada əməkdaşlığı.

Foruma Avropa Gənc Alimlər Şurası - EURODOC-a üzv olan Avropanın 35 ölkəsindən və 2 müşahidəçi ölkədən ümumilikdə 200-dək gənc alim qatılacaq. Eyni zamanda tədbirdə Avropanın tanınmış alim və professorlarının da ekspert qismində iştirak edəcəyi nəzərdə tutulub.

Forumda iştirak etmək istəyən azərbaycanlı iştirakçılar - gənc alim və tədqiqatçılar yuxarıda qeyd olunmuş mövzulara uyğun tezisləri (azərbaycan və ingilis dillərində, 3 səhifədən çox olmamaq şərti ilə) [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər. Azərbaycanlı iştirakçıların qeydiyyatı 5 may 2013-cü il tarixədək davam edəcək.

Qeyd edək ki, forumda iştirakçı qismində yalnız 42 yaşa qədər alim və tədqiqatçılar iştirak edə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar