Şahin Növrəsli Strasburqda konsert verib
21 Noyabr 2009 Şənbə 23:25
Şahin Növrəsli Strasburqda konsert verib. Konsert "Buta Project" layihəsi çərçivəsində təşkil olunub.
"Montrö" Beynəlxalq Caz Festivalının laureatı, istedadlı cazmen Şahin Növrəslinin Strasburq Konservatoriyasının konsert zalında Buta Mədəniyyət Mərkəzinin "Buta Project" layihəsi çərçivəsində və Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyinin təşkilatı dəstəyi ilə caz-muğam konserti təşkil edilib. Sözügedən tədbir Milli Dirçəliş günü və AŞ-nın 60 illiyi münasibətilə keçirilən mədəni tədbirlər çərçivəsində həyata keçirilib. Konsertdə Ş.Növrəslini tarda Arslan Növrəsli, kamançada Nurlan Növrəsli, kontrabasda Neytan Pek, zərb alətlərində isə Aleksandr Maşin müşayiət edib.

Tədbirdə giriş nitqi söyləyən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov sözügedən konsertin Azərbaycanın AŞ-nın 60 illik yubileyinə töhfə olduğunu vurğulayıb. O, bildirib ki, Azərbaycan qurumun 60 illik yubileyi münasibətilə milli və beynəlxalq səviyyədə bir sıra tədbirlər təşkil edib. Bütün bunlar Azərbaycanın AŞ ilə əməkdaşlığa, onun təşviq etdiyi dəyərlərə verdiyi önəmin bariz nümunəsidir.

Arif Məmmədov bildirb ki, adıçəkilən konsert Strasburq ictimaiyyətinə və xarici qonaqlara Azərbaycan mədəniyyətini bir daha yaxından tanımağa, eləcə də digər musiqi janrları ilə yanaşı caz musiqi janrının da yüksək səviyyədə inkişaf etdiyini göstərməyə imkan verəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar