Müğənninin daha bir istedadı üzə çıxıb
17 Sentyabr 2009 Cümə Axşamı 13:10
Rəşad İlyasov: "Qanımda jurnalistlik var"

- Kanon ifaçısı, müğənni, aparıcı - Rəşad İlyasov kimdir?

Həm də rejissor. Rəşad İlyasov ümumiyyətlə, incəsənət adamıdır. Sadaladıqlarınız incəsənətin qollarıdır. Məncə, bu çox normaldır, incəsənət adamlarının bütün bunları bacarması adi haldır. Bəlkə bu siyahıya daha bir məşğuliyyət əlavə edək?

- Bizi maraqlandırdınız, o nə məşğuliyyətdir?

Arabir cızma-qaralarım ola bilər. Düşündüklərimi, müşahidə etdiklərimi köşə yazarları kimi qələmə almaq gəlir içimdən.

- Demək istəyirsiniz ki, köşə yazarı Rəşad İlyasov imzasına rast gəlsək, təəccüblənməyək?

Bəli, anam jurnalist olduğundan bu mənim qanımda var. Açığı, bu sonranın işidir, çünki sənətimlə bağlı bir sıra layihələrim var. Özümü ən çox müğənni - musiqiçi hiss edirəm. Səhnədə daha sərbəst oluram.

- Aparıcılıq da sizdə pis alınmır.

Elə düşünürsünüzsə, çox sağ olun. Deyilənə görə, fikirlərimi sərbəst, aydın ifadə edə bilirəm. Mən savadlı ailədə böyümüşəm. Atam üç ali məktəb bitirib. Valideynlərim elm adamları olduqlarından gec evləniblər.

- Bu bizi sevindirir, çünki intellektual səviyyəsi olan sənətçilərimiz çox azdır. Elə sənətçilərimiz var ki, adi suallara belə cavab verə bilmirlər.
Məncə, biz elementar suallardan danışırıq.

Mən hər zaman sənətçilərin tərəfini saxlayırdım, çünki özüm də sənətçiyəm. Amma görürəm ki, doğrudan da səviyyəsizləri, savadsızları həddindən artıq çoxdur. Bu bizim yaralı yerimizdir.

- «Qoruyaq uşaqları» klipiniz uşaqlara dəstək xarakteri daşıyır. Şou-biznesin tüğyan etdiyi vaxtda belə bir klipi çəkdirmək, sizcə, nə dərəcədə düzgündür?

Başa düşdüm nə demək istəyirsiniz. Əvvəla, mən şou-biznesdən kənar insanam. İkincisi də, bu mənim içimdən gəldi. Məncə, bu layihəni həyata keçirmək üçün mənim səbəblərim daha çoxdur. Düşündüm ki, buna ən yaxşı namizəd mən olaram. Çünki mənim uşaqlarım elə yaşdadırlar ki, onlara diqqət, qayğı göstərilməlidir və bu ilin Uşaq ili elan olunması mənə rəvac verdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar