Aygün Kazımova xeyriyyə aksiyasına imza atacaq
13 Mart 2009 Cümə 18:15
Xalq artisti Aygün Kazımovanın yeni albomunun hazırlıq işləri tamamlanmaq üzrədir. Səhnə fəaliyyətinin 21 illiyinə həsr olunmuş albomda onun ifasında 21 mahnı yer alacaq.
Bu barədə APA-ya açıqlama verən A. Kazımova digər layihələr üzərində işlədiyini də açıqlayıb. “Parfumeur” dükanlar şəbəkəsinin rəsmi siması seçilmiş sənətçi bu şirkətlə bir çox layihələr həyata keçirməyə hazırlaşır. İlk mərhələdə müğənninin eksklüziv fotoşəkilləri Bakıdakı bilbordlara vurulacaq. Əməkdaşlığın ikinci mərhələsində isə iri miqyaslı xeyriyyə aksiyasının keçirilməsi nəzərdə tutulur. A. Kazımova hələlik layihə barədə geniş açıqlama vermək niyyətində deyil. Buna səbəb ideyanın digərləri tərəfindən oğurlanması ehtimalıdır. Ancaq sənətçi hesab edir ki, belə bir xeyriyyə aksiyası indiyədək Azərbaycanda heç bir sənət adamı tərəfindən keçirilməyib. O, Aygün Kazımovaya 10-a yaxın mahnı verdiyini, lakin bu mahnıların indiyədək hazır olmadığını söyləyərək müğənnini tənbəllikdə ittiham edən bəstəkar Cavanşir Quliyevin sözlərinə də münasibət bildirib: “Mən müəllimimin hər bir iradını qəbul edirəm və bütün sözləri ilə razıyam. Amma ondan bir az gözləməyi xahiş edirəm. Çox az qalıb. O, mənim tənbəl olub-olmadığımı görəcək. Ona böyük sürprizim olacaq”. Onu da əlavə edək ki, A. Kazımova C. Quliyevin “Gülüm” adlı mahnısını yeni albomuna daxil edib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar