Qüdret İsaqov İlham Eliyevin xeyrine namizedliyinden imtina etdi
07 Sentyabr 2013 Şənbə 15:20
Qüdret İsaqov: İmzatoplama prosesinde bir daha emin oldum ki, Azerbaycan xalqının büyük ekseriyyeti prezidentin deyişmesini istemir.
Azərbaycanda prezidentliyə namizədlərdən biri görkəmli alim Qüdrət İsaqov hazırkı prezident İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.

ANS PRESS-in Avropa.info-ya istinadən verdiyi xəbərə görə, bu barədə Qüdrət İsaqov özü məlumat verib. O, həmçinin prezident İlham Əliyevə və MSK-ya da müraciət edib.
Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli cənab prezident! Prezident seçkisinin birinci mərhələsində prezidentliyə namizədlərin irəli sürülməsi və imza toplanması prosesi azad və demokratik şəkildə başa çatmaq üzrədir.

Prezidentliyə namizəd İlham Əliyevin qələbə çalacağını bilsəm də, seçki prosesində daha yaxından iştirak etmək, seçki kampaniyası dövründə Azərbaycanımız üçün taleyüklü sahələr olan elmimizə və iqtisadiyyatımıza aid proqramlarla təbliğat və təşviqat aparmaq, seçki prosesinin demokratiklik dərəcəsinin daha da yüksəldilməsini istədiyimdən namizədliyimi irəli sürmüşdüm.

İmzatoplama prosesində mən və komandam bir daha əmin olduq ki, Azərbaycan xalqının büyük əksəriyyəti prezidentin dəyişməsini istəmir. Xalqımız prezidentin dəyişməsinin Azərbaycanda sabtliyi poza biləcəyindən ehtiyat edir. Xalqımızın İlham Əliyevə böyük məhəbbəti var. Seçicilərimiz İlham Əliyevi yenə də prezident kürsüsündə görmək istəyirlər.

Seçki kampaniyasının birinci mərhələsində mən xalqımızın iradəsinə uyğun olaraq polşalı professor Sadurskinin Konstitusiyamıza əlavələr və dəyişikliklərlə əlaqədar 2009-cu ildə keçirilən referendumun demokratikliyini və qanuniliyini şübhə altına alan sifarişli yazısını dəlil və sübutlarla tamamilə təkzib edən, 2008-ci ildəki prezident seçkisi, 2009-da isə referendum haqqında həm o zaman, həm də indi mətbuatda dərc etdirdiyim hesabatlarımı Respublikamızın
nüfuzlu xəbər agentliklərində çap etdirdim. Mən hər iki seçkidə Respublikanın bütün ərazisində müşahidəçi olmuşam.
Bundan əlavə bütövlükdə fəaliyyətimiz dövründə respublikamızda sabitliyə və davamlı inkişafa yönələn mühüm və proqram xarakterli yazılarla mətbuatda çıxışlar etdim.
Hörmətli cənab prezident və prezidentliyə namizəd İlham Əliyev!

Prezidentliyə namizədliyimi irəli sürən zaman qarşıma qoyduğum məqsədlərin və göstərdiyim fəaliyyətin məntiqi davamı olaraq mən öz namizədliyimi sizin xeyrinizə geri götürürəm!

Namizədliyimi geri götürməklə yanaşı, seçki prosesində, seçkinin müşahidəsində və seçkinin nəticələrinin qiymətləndirilməsi prosesində daha aktiv iştirak etməklə sizin rəsmi vəkiliniz və bu mümkün olmadığı təqdirdə sizin aktiv təbliğatçınız olmaq istəyirəm.

Xahiş edirəm mənə Sizin vəkiliniz və ya aktiv təbliğatçınız olmaq üçün maksimum imkanlar yaradılması üçün lazımi göstəriş verəsiniz!

Prezident seçkisinin millətimizə və dövlətimizə xeyirli olması arzusuyla,

Qüdrət İsaqov

Fizika-riyaziyyat elmləri doktoru, professor,

Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki,

ATEA-nın Fəxri Rentgen Medalı Laureatı,

Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı

baş redaktorunun müavini,

AMEA Fizika İnstitutunun əməkdaşı

P.S.1 Seçki prosesinin 1-ci mərhələsində fəaliyyətimi işıqlandıran respublikamızın görkəmli media nümayəndələrinə minnətdarlığımı bildirirəm. Onlara öz gərgin və çətin fəaliyyətlərində uğurlar arzulayıram. Arzu edirəm cəmiyyətdə layiq olduqları yüksək yerlərini tuta bilsinlər.

P.S.2 MSK sədri cənab Məzahir Pənahovdan xahiş edirəm Prezident İlham Əliyevə yazdığım müraciətimin əhəmiyyətini nəzərə alaraq, onun televiziyalarda səsləndirilməsini, qəzetlərdə və bütün xəbər agentliklərində verilməsini təmin etsin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar