Qənirə Paşayeva Koreya səfirini ön cəbhəyə apardı
18 May 2014 Bazar 16:05
Koreya səfiri Tovuzda Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll edilməsində maraqlı olduqlarını söyləyib.
Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Choi Sukin və onu müşahidə edən heyət Tovuz rayonuna səfər edib. ANS PRESS-in məlumatına görə, Koreya səfiri ilk olaraq icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Q.Paşayeva ilə görüşüb. Görüş zamanı icra başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva Koreyalı diplomata Tovuz rayonunun coğrafi mövqeyi, təbii resursları, iqtisadi və turizm potensialı barədə geniş məlumat veriblər.

Bundan sonra səfir Choi Sukin millət vəkili Qənirə Paşayevanın və Tovuz rayon İcra Hakimiyyətinin rəsmilərinin müşayiəti ilə Şəhidlər Xiyabanına gələrək torpaqlarımizin bütövlüyü uğrunda canlarından keçən şəhid oğulların məzarlarını ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva Ermənistanın Azərbaycanın qədim bölgəsi olan Laçını işğalından 22 il keçdiyini deyərək Şəhidlər Xiyabanındakı bütün şəhidlərin ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyü olduğunu vurğulayıb.

Millət vəkili səfirə aralarında sinif yoldaşları da olan qəhrəman şəhidlərimiz haqda geniş məlumatlarla bərabər Tovuzun müharibə illərində yaşadıqları, Ermənistanın vandalizm aktları, hətta atəşkəs dövründə belə mülkü insanlara qarşı əl atdıqları qeyri-insanı əməllər barədə də məlumatlar verib. Ölkəsinin Azərbaycanın ərazi bütövlüyü dəstəklədirlədiyini deyən səfir Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini dilədiklərini və bu qədər gənc insanın yatdığı Şəhidlər Xiyabanından təsirləndiyini deyib.

Daha sonra səfir Choi Sukin icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Q.Paşayevanın müşayiəti ilə Tovuz rayonunun girəcəyində ucaldılmış Qala abidəsinə baş çəkib. Tovuz rayon İcra Hakimiyyətinin başçısı T.Zeynalov və millət vəkili Qənirə Paşayeva qala divarlarında əks olunan Azərbaycanın tarixi və müasir xəritələri ilə bağlı koreyalı diplomata məlumat veriblər.

Bəzi imperiyalar, ölkələr və güclər tərəfindən Azərbaycan xalqının və torpaqlarının son 2 əsrdə başına gətirilən müsibətlər, 2 yerə bölünmələr, işğallar, zorla alınaraq torpaqlarımizin Ermənistana verilməsi, onlara bizim torpaqlarımız hesabına dövlət yaradılması kimi tarixi faktları özündə əks etdirən müqayisəli 3 xəritə və orada öz əksini tapan tarixi gerçəkliklər barədə səfirə geniş məlumatlar verilib.

Daha sonra Koreyanın Azərbaycandakı səfiri millət vəkili Qənirə Paşayevanın və rayon icra hakimiyyəti rəsmilərinin müşayiəti ilə Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində, ön cəbhə nöqtələrində də olub. Burada səfirə mürahibə dövrü ilə bərabər atəşkəs dövründə də Ağdamın və Tovuzun digər ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib. Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verilib. Ağdam kəndi sakinləri beynəlxalq təşkilatların laqeydliyi və 2-li standartları barədə səmimi fikirlərini də söyləyiblər və Koreya səfirindən ölkəsinin bu məsələdə ədaləti dəstəkləyən mövqeyini daha da gücləndirməsini xahiş ediblər.

Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi deyən Koreya səfiri Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini tapmasında maraqlı olduqlarını vurğulayıb. Tovuza ilk dəfə səfər etdiyini deyən Koreya səfiri rayonun çox xoşuna gəldiyini, maraqlı müzakirələr keçirildiyini və Tovuzla geniş tanış ola bildiyini deyərək ölkəsi ilə bu bölgə arasında əməkdaşlıq, ortaq layihələrin həyata keçirilməsi, humanitar istiqamətlərdə müxtəlif layihələrin genişlənməsinə dəstəyini əsirgəməyəcəyini də bildirib.












DOSTLARINLA PAYLAŞ:

oyunlar