MDB artıq dağılır?!
17 Avqust 2009 Bazar Ertəsi 17:20
Politoloqlar Gürcüstanın MDB-dən çıxması ilə heç nə itirməcəyini söyləyir

 

Məlum olduğu kimi, sabah qonşu Gürcüstan avtomatik olaraq Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxır. Bu, düz bir il bundan əvvəl verilmiş müraciət əsasında baş verəcək. Bununla da Gürcüstan və Rusiya münasibətlərində, postsovet məkanında tamamilə yeni mərhələ başlayacaq. MDB-dən çıxmaqla MDB və ya Gürcüstan nə itirəcək? Yaxud MDB-ni tərk etməklə Gürcüstan nə qazanacaq? ANS PRESS politoloqların köməyi ilə bu suallara cavab tapmağa çalışdı.

Gürcüstanın MDB-dən çıxması onun ölümünü yaxınlaşdıracaq

«Gürcüstan MDB-nin tərkibində itirməli nəyi vardısa, itirib. Artıq itirməyə heç nə yoxdur». Bunu ANS PRESS-ə politoloq Zərdüşt Əlizadə Gürcüstanın sabah MDB-dən rəsmi olaraq çıxması ilə bağlı münasibətə fikir bildirərkən söyləyib. Onun sözlərinə görə, Gürcüstan MDB-dən çıxmaqla, bu qurumun ölümünə doğru daha bir addım atılacaq.

Politoloqun fikrincə, Gürcüstan MDB-yə bir zamanlar bu qurumun mədəni, siyasi, iqtisadi güclü bir qurum olacağını düşünərək daxil olmuşdu: «1990-cı illərdə MDB olduqca böyük bir siyasi əhəmiyyət kəsb edən qurum olub. İndi isə MDB öz zorakılıq siyasəti ilə yadda qalıb. Bu da onun tez bir zamanda dağılacağına gətirib çıxaracaq».

Z.Əlizadə deyir ki, Gürcüstanın MDB-dən çıxmasının bir səbəbi var. O da MDB-nin üzvü olan Rusiyanın onun ərazilərini işğal etməsi ilə bağlıdır: «Rusiya Gürcüstanın ərazisini işğal edib və orada hərbi bazalar yerləşdirib. Bu da o deməkdir ki, artıq MDB öz siyasəti ilə özünü məhv edib».

Növbəti addım Ukraynanındır?!

Politoloq Sülhəddin Əkbər isə ANS PRESS-ə bildirib ki, Gürcüstan artıq itirdiyini itirib. Onun sözlərinə görə, Gürcüstanın itirdiklərinin arasında Rusiyanın onun ərazisini işğal etməsi, orada hərbi bazaların yerləşdirilməsi, onu iqtisadi və siyasi blokadada saxlanılması ilə bağlıdır: «Bu səbəbdən də Gürcüstan MDB-dən çıxmaqla olduqca düzgün addım atıb. İşğalçı ilə bir birlikdə təmsil olunmaqdansa, bu qurumdan çıxmaq daha məqsədə uyğundur. Əvvəla, MDB-nin yaradılmasına məqsəd keçmiş SSRİ-ni yeni siyasi şəraitə uyğun olaraq bərpa etmək cəhdlərindən irəli gəlirdi. Amma bu heç də heç bir nəticə vermədi».

S.Əkbərin sözlərinə görə, Gürcüstanın bu addımı yaxın gələcəkdə Ukrayna da təkaralaya bilər: «Son zamanlar Ukrayna-Rusiya arasında yaranmış soyuqluq Ukraynanın bu addımı atmasına gətirib çıxaracaq».

Politoloq düşünür ki, amma bununla belə Gürcüstanın MDB-dən çıxması ilə bu qurumda ciddi dəyişiklər olmayacaq. Amma Gürcüstan da bu qurumu tərk etməsi ilə heç nə itirməyəcək.

Aqşin Rafiqoğlu/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar