İnsan heç vaxt ləyaqətini itirməməlidir
19 Mart 2009 Cümə Axşamı 22:20
Moskvada çıxan həftəlik “Exo planetı” jurnalının 11-ci nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə müsahibə dərc olunub

 

İTAR-TASS-ın Moskvada çıxan həftəlik “Exo planetı” jurnalının 11-ci nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə müsahibə dərc olunub. AzərTAc həmin müsahibənin mətnini oxuculara təqdim edir. 

-Son vaxtlar “Birinci xanım” anlayışının özü müəyyən informasiya brendinə çevrilmişdir. Dünya Ağ evin yeni sahibəsi Mişel Obama haqqında informasiyanı xüsusi maraqla izləyir, Karla Bruninin nə ilə maraqlandığını müzakirə edir, Hillari Klinton isə uğurla sübut edir ki, dövlət başçısının xanımı özü də ali dövlət vəzifəsinə iddia edə bilər.Siz necə hesab edirsiniz, birinci ledi öz əri ilə yanaşı hansı funksiyaları yerinə yetirməlidir? Şərq ənənələrinin zəngin olduğu Azərbaycan kimi ölkədə bu ictimai vəzifə ilə əlaqədar yükü daşımaq nə dərəcədə çətindir?

-Mən deməzdim ki, sizin dediyiniz bu brendə diqqətin artması hansısa ümumdünya prosesləri ilə bağlıdır. Hesab edirəm ki, cəmiyyət həmişə birinci lediləri diqqətlə izləmişdir.
Nisbətən yaxın vaxtlarda çoxlu gənc dövlətlərin yarandığı keçmiş SSRİ məkanında bu, bəlkə də bir yenilikdir.
Bu məsələdə hər bir ölkənin tarixi və mədəni xüsusiyyətləri rol oynayır. Elə cəmiyyətlər var ki, ənənəvi olaraq orada dövlət başçısının xanımı ictimai həyatda mühüm rol oynayır. Elə cəmiyyətlər də var ki, orada əksinə, ənənəyə görə belə hallar qəbul edilməmişdir və bu cəmiyyətlərdə birinci xanımlar fəal ictimai həyatda bir növ “kadr arxasında” qalırlar.
Diplomatik və siyasi protokolun formalaşmış qaydaları da güclü təsirini göstərir. Məsələn, yaranmış ənənələrə görə, hətta dövlət başçısının rəsmi dövlət səfərləri zamanı da Birinci xanımın səfər proqramı, adətən, o qədər də geniş olmur.
Mənim fikrimcə, bu məsələ hər bir halda subyektiv şəkildə həll edilir. O, ölkənin liderinin xanımının öz seçiminin nəticəsidir.
Əgər belə qadın ictimai həyatda özü üçün fəal rol seçərsə, bir qayda olaraq, onun mühüm humanitar layihələrdə iştirakından söhbət gedir.
Bu yük nə dərəcədə ağırdır? Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür.
Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olub ki, mən öz ölkəm üçün nə edə bilərəm. Axı, mənim bu gün məşğul olduğum ictimai fəaliyyət beş il bundan əvvəl, ərim Azərbaycanın Prezidenti olan vaxtdan başlamayıb. Sadəcə olaraq, indi həmin fəaliyyət mətbuatda daha tez-tez işıqlandırılır.
Mən Heydər Əliyev Fondunun prezidenti olandan sonra bu iş geniş miqyas almış, yeni səviyyəyə çıxıb.
Bu Fondun əsas iş istiqaməti ən müxtəlif istiqamətlərdə humanitar fəaliyyətdir. Buraya valideyn himayəsindən məhrum olan uşaqlara kömək, uşaq evlərinin, internat məktəblərinin abadlaşdırılması və maddi bazasının yaxşılaşdırılması daxildir. Biz təhsil, səhiyyə və mədəniyyət sahələrində geniş proqramlar nəzərdə tutmuşuq və həyata keçiririk.
Təbii ki, mən bütün bu layihələrlə əvvəllər də məşğul olurdum. Lakin Birinci xanım statusu və Fondda işləməyim bu fəaliyyəti sistemləşdirməyə, layihələrin miqyasını genişləndirməyə, onların həyata keçirilməsinə əlavə resurslar cəlb etməyə imkan verib.
Bir daha vurğulamaq istəyirəm ki, mən Azərbaycan xalqının rifahına xidmət edən bu cür humanitar proqramların səmərəsini artırmaq üçün bütün mövcud imkanlardan istifadə etməyi özümə borc bilirəm.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar