Hafiz Hacıyev Milli Şuradakı adamlarını "baqaja" qoydu
24 Avqust 2013 Şənbə 19:45
Əflan İbrahimov mənim adamımdır, Milli Şurada daha 4 adamım var.
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev “El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevin keçmiş müavini Əflan İbrahimovun onun adamı olması ilə bağlı söylənilən açıqlamaya münasibət bildirib.

MMP-nin sədri H.Hacıyev Publika.Az-a açıqlamasında Ə.İbrahimovun onun adamı olması fikrini təsdiqləyib: “Əflan İbrahimov mənim adamımdır, o mənim müavinim olub. Əflan İbrahimov bizim partiyadan indi çıxmayıb. Əflan müəllim dövlətçiliyi müdafiə edən insandır. O, çox yaxın adamımdır. Mən Əflan müəllimlə fəxr edirəm, ona böyük hörmətim var. O, 2008-ci ildə bizim partiyanın Seçki Qərargahının üzvü olub. Əflan İbrahimov indi də bizim partiyanın ən fəal və sadiq üzvlərindən biridir. Milli Şurada mənim adamım təkcə Əflan müəllim deyil. Hazırda Milli Şurada mənim 4 nəfər adamım var. O adamlara çox etibar edirəm. Onların sayəsində mən lazım olan vaxtı istədiyim işi görə bilərəm. Zamanı çatanda da mən bu barədə öz sözümü deyəcəm”.

H.Hacıyev qeyd edib ki, Milli Şurada olanların hamısı səviyyəsiz və uzaqgörənlikdən uzaq adamlardır: “Onlar içərilərindəki bir nəfərlə bacarmırlar, ancaq hakimiyyətə gəlmək istəyirlər. Onlar hələ də anlamırlar ki, Milli Şuranı mən yaratmışam. Milli Şura Hafiz Hacıyevin planlarına uyğun hərəkət edir”.

Xatırladaq ki, “El” hərəkatından ayrılan Əflan İbrahimov keçmiş “silahdaşlarını” Azərbaycanda iğtişaşlar törətməyə cəhddə ittiham edib. O, həmçinin virtualaz.org saytının redaksiyasına gedərək Eldəniz Quliyevlə telefon danışığının audiolentini həmin KİV-ə təqdim edib. Məsələyə Baş Prokurorluq da qarışıb və araşdırmalara başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar