Amnistiya elan edilib
17 Mart 2009 Çərşənbə Axşamı 12:45
Amnistiya 9 minə yaxın insana şamil ediləcək

 

Bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib. ANS PRESS-in məlumatına görə, qərarın qəbul olunmasının "lehinə" 111, əleyhinə isə "1"  millət vəkili səs verib.
Qərarda qeyd olunub ki, böyük ictimai təhlükə törətməyən, az ağır bir sıra cinayətə görə məhkum edilən qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan və ya I və II qrup əlil övladı olan şəxslər və digər kateqoriyadan olanlar azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Bundan başqa, amnistiyanın azadlıqdan məhrum edilmiş və cəzasının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzasının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan məhkumlara tətbiq edilməklə onlar cəzadan azad ediləcəklər. Təqribən 9 min şəxs amnistiyanın təsiri altına düşəcək. Onlardan 1700-dək məhkum azad olunacaq.

Qeyd edək ki, layihəni Milli Məclisə millət vəkili Mehriban Əliyeva təqdim etmişdi./ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar