Tərlan şadlıq evində bir sıra nöqsanlar aşkar edilib
25 Sentyabr 2012 Çərşənbə Axşamı 18:03
Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 115 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rəna Zümürxanovaya məxsus Tərlan şadlıq evində dövlət nəzarəti aparılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 115 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rəna Zümürxanovaya məxsus “Tərlan” şadlıq evində dövlət nəzarəti aparılıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, şadlıq evində istehsal olunan və istehlakçılara təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan, həmçinin təhlükəsizlik göstəricilərinə nəzarət olunmadan hazırlanır. Yeməklərin bişirilməsində istifadə olunan xammalların uyğunluq sertifikatları, toyuq, mal və quzu ətinin baytarlıq şəhadətnaməsi mövcud deyil.

Alkoqolsuz içkilərin saxlanıldığı soyuducu kameraya keçirilən baxış zamanı yararlılıq müddəti əsassız olaraq 1 il qeyd olunan “Müqa-Pak” nişanlı düşes, “Rodniki zakavkaziya” adlı düşes, tərxun və qazlı su içkiləri aşkar edilib. Normativ sənəd üzrə düşes və tərxun alkoqolsuz içkilərinin saxlanılma müddəti 20 gün olduğu halda aşkar edilmiş məhsulların üzərində 1 il qeyd olunub. Həmçinin normativ sənədlərə əsasən meyvə nektarlarının saxlanılma müddəti maksimum 9 ay olduğu halda, aşkar edilmiş “Sweet” və “Favorit” nişanlı albalı və şaftalı nektarları üzərində yararlılıq müddətinin 1 il qeyd olunduğu müəyyən edilib. Bundan başqa şadlıq evinin mətbəxində mənşəyi məlum olmayan süni balıq kürüsü, üzərində istehsalçısı barədə məlumat olmayan “Çernoqolovka” nişanlı “Tərxun” alkoqolsuz içkisi aşkar edilib.

Araşdırma zamanı müəyyən olunub ki, xammalların saxlanılması, məhsulların hazırlanması zamanı sanitar norma və qaydalara riayət olunmur. Müxtəlif saxlanılma rejimlərinə malik məhsullar mətbəxdə mövcud olan eyni soyuducu kamerada məhsulların spesifikasiyasına uyğun saxlanılma rejiminə nəzarət olunmadan saxlanılır. Bir neçə gün öncə keçirilmiş toy mərasimindən qalan məhsulların (şişdə balıq, dondurulmuş balıq, bişmiş bildirçin əti və s.) soyuducuda saxlanıldığı da müəyyən olunub. Normativ sənədlərin tələblərinə uyğun gəlməyən, mənşəyi bilinməyən məhsullarla bağlı akt tərtib edilmiş, həmin məhsulların istifadəsi qadağan edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar