Süd və süd məhsullarını alarkən diqqətli olun!
10 May 2011 Çərşənbə Axşamı 16:19
Xüsusi qaydalarla saxlanılmayan məhsulları almaq məsləhət deyil
Süd və süd məhsulları insanların geniş istifadə etdiyi əvəzsiz qidalardandır. Süd yaxşı stimulyatordur və orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsini artırır. Südün yüksək qidalılığı, bioloji və müalicəvi xassəsi onun tərkibində olan qiymətli zülalların, asan həzm olunan yağların, müxtəlif vitaminlərin, hormonların zəngin olması ilə izah edilir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti süd tez xarab olan məhsullardan olduğuna görə, xüsusi qaydalarla saxlanılmalı olduğunu bildirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu qaydalara riayət olunmadan saxlanılan süd və süd məhsullarının satışı qadağandır.

Qeyd edək ki, süd və süd məhsulları qaranlıq və təmiz yerdə, aşağı müsbət temperaturda saxlanılmalıdır. Belə şəraitdə onda bakteriyalar inkişaf edə bilmir. 10ºC-dən yüksək temperaturda isə mikroorqanizmlərin hüceyrələri bölünür və südü turşudan fermentlər fəallaşır.

Süddə qırmızımtıl, göy və sarımtıl rəngin müşahidə edilməsi onun bakteriyalarla yoluxmasına dəlalət edir. Bağırsaq çöpləri bakteriyalarının təsiri ilə südün səthində köpüк əmələ gəlir. Qursaq mayası düşdükdə və turşuluğu aşağı olduqda, südü qızdırarkən onda çürümə baş verir.

Temperaturdan və emal üsulundan asılı olaraq, südün saxlanma müddəti müxtəlifdir. Məsələn, pasterizə edilmiş süd 0-18ºC-yə qədər temperaturda 36 saat, sterilizə edilmiş 0-10ºC-də qablaşdırmadan asılı olaraq 4-6 ay, konservantlar əlavə edilib. Sterilizə olunmuş süd 0ºC-də temperaturda 1 ilə qədər, quru süd məhsulları 1-10ºC-də germetik tarada 8 ay, digər taralarda 20ºC-dən yüksək olmayan temperaturda 3 ay, qatılaşdırılmış süd məhsulları 0-10ºC-də 12 ay, kakao və qəhvə əlavəli süd konservləri 6 ay saxlamaq olar.

Qatılaşdırılıb konservləşdirilmiş və sterilizə olunmuş süd konservlərini 0ºC-dən aşağı temperaturda saxlamağa icazə verilmir.

Günəş şüalarının təsirindən südün yağı oksidləşir və onda kəskin iyin əmələ gəlməsinə səbəb olur. İşığın təsirindən südün tərkibindəki vitaminlər parçalanır və bioloji dəyərliliyi aşağı düşür.

Südün keyfiyyəti onun orqanoleptiki və fiziki-kimyəvi göstəricilərinə görə qiymətləndirilir. Süd çöküntüsüz və seliksiz, dadı təmiz, kənar iysiz, rəngi ağ-sarıya çalarlı olmalıdır. Mikrobları məhv etmək üçün südü 1200-130ºC-də sterilizə edirlər.

Saxlanılma şəraitinin və müddətinin pozulması süddə bakteriyaların və bağırsaq çöplərinin inkişafını sürətləndirir. Onda turşumuş dad əmələ gətirir. Süd və süd məhsullarının yararlılıq müddəti istehsalçı tərəfindən müəyyən olunur. Bütün məlumatlar məhsulun etiketində göstərilir.

Pərakəndə ticarət, ictimai iaşə və s. sahələrdə həmçinin quru süddən də istifadə olunur. Quru südün dadı təmiz pasterizə olunmuş südün dadını verməli, rəngi isə ağ, yüngülcə kremvari olmalıdır. Qaxsımış və kənar dad südün normadan artıq rütubətli şəraitdə saxlanması nəticəsində baş verir. Ona görə də, quru süd məhsullarını alarkən onların mütləq su buxarı buraxmayan taralarda qablaşdırıldığına diqqət edin.

Qatılaşdırılmış süd bankalarına yapışdırılan etiketdə onun istifadə tarixi, tərkibi, istifadə edilməsi haqda məlumatlar, netto kütləsi, saxlanılma müddəti, şəraiti, standartın nömrəsi və s. qeyd olunmalıdır. Süd məhsulları qablaşdırılmış paketlər zədəsiz olmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar