“Naş moloçnik”də bağırsaq çöpü var
21 Yanvar 2010 Cümə Axşamı 13:30
Naş moloçnik əmtəə nişanlı kərə yağının tərkibində bakteriyalar aşkar olunub.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti satışda olan yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yağlardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı Ukraynanın “Starakonstantinovskiy Moloçnıy Zavod” müəssisəsinin istehsalı olan 200 qr-lıq kağız qutulara qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağının mikrobioloji göstəricilərinin normalara uyğun olmadığı müəyyən edilib.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən bu növ yağın satışının dayandırılması barədə idxalçı “Avrora” firmasına müvafiq göstəriş verilmiş və firmanın anbarında “Naş moloçnik” əmtəə nişanlı kərə yağından nümunə götürülərək laborator müayinəyə göndərilib.

Bu nümunənin laborator müayinəsi zamanı onun insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən olunub. Belə ki, 200 qramlıq kağız qutulara qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar aşkar olunub və ümumi mikrobların sayının normadan bir neçə dəfə çox olduğu müəyyən edilib.

Bununla əlaqədar olaraq, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Avrora” firmasının anbarında olan 696,6 kq yağın məhv edilməsi barədə qərar qəbul edilmiş və 200 qramlıq kağız qutulara qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağının dövriyyədən çıxarılması üçün təcili tədbirlər görülməsi barədə firmaya göstəriş verilib.

Hazırda Dövlət Xidməti bakteriyalarla yoluxmuş kərə yağının məhv edilməsi, bu məhsulun dövriyyədən tamamilə çıxarılmasının təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar