Gözəlləşdirən məhsullar
06 Oktyabr 2012 Şənbə 00:02
Dəridə sızanaqların qarşısını almaq üçün nə edək?
İnsanın qidalandığı bütün məhsullar onun xarici görünüşünə güclü təsir göstərir. Belə qənaətə britaniyalı alimlər gəliblər. Onların “gözəlləşdirən məhsullar” siyahısında birinci yeri balqabaq tumu tutur. Sinklə zəngin olan bu tumlar dəridə sızanaqların qarşısını alır.

Vəzəri sifətin dərisini təravətləndirir. O, dərinin sağlam və parlaq görünməsinə kömək edir. Vəzərinin tərkibindəki dəmir dərini təravətləndirir, antioksidantlar isə iltihabı aradan qaldırır. Bundan əlavə, vəzəri DNT-nin zədələnməsinin qarşısını alır.

Alimlər göz xəstəliklərinin profilaktikası üçün ispanaq yeməyi məsləhət görürlər. Tərkibində çoxlu lütein olan ispanaq zülalların təbii rəngini bərpa edir və yorğunluğu aradan götürür.

Ağappaq dişlərə malik olmaq istəyənlər çoxlu alma yeməlidirlər. Gündə bir alma yeməklə diş həkiminə tez-tez getməkdən canınızı qurtara bilərsiniz. Alma diş fırçası kimi, diş minasını ləkələrdən təmizləyir.

Alimlər saçları möhkəmləndirmək üçün yetərincə yaşıl paxla yeməyi tövsiyə edirlər. Onun tərkibindəki silisium turşusu saçların sağlam və parlaq olmasına kömək edəcək.

Kətan toxumu da çox faydalıdır. Mütəxəssislər onu salata, xəmirə, yoqurta əlavə etməyi məsləhət görürlər. Cavan qalmaq üçün C vitamini ilə zəngin kivini də unutmaq olmaz. Bu vitamin qocalma prosesini ləngidən kollagen istehsalını stimullaşdırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar