Yol hərəkəti haqqında qanunda dəyişikliklər olub
06 İyul 2011 Çərşənbə 12:03
Yol hərəkəti haqqında qanuna hansı dəyişikliklər edilib? Respublika Baş Dövlət Yol Polisi İdarəsi şərh verib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsi “Yol hərəkəti haqqında” qanuna edilmiş dəyişiklərə şərh verib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumatda bildirilir ki, artıq iyulun 1-dən “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunlar qüvvəyə minib. Qanuna əsasən yol hərəkəti qaydalarını pozmuş, yəni İnzibati Xətalar Məcəlləsinin 151.1-151.3-cü, 152.1-152.3-cü, 152-1.1-ci, 152-1.2-ci, 152-2.1-ci, 153.1-153.5-ci maddələrində, 154.1-ci maddəsində (fiziki şəxslər barəsində), 155.1-155.3-cü, 155.6-cı, 156-cı, 156-1-ci, 158.1-ci, 166.1-ci və 253-1-ci maddələrinin tələblərini pozan şəxs inzibati xəta hadisəsinin mövcudluğu və tətbiq edilən inzibati cərimə tənbeh növü ilə razılaşdıqda, DYP əməkdaşı tərəfindən dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul edilir və inzibati xəta törətmiş şəxsə cəriməni DYP əməkdaşında olan xüsusi texniki vasitədən (POS-terminal) istifadə etməklə, plastik kart vasitəsilə ödəmək imkanı verilir.

Cərimə plastik kart vasitəsilə ödənildikdə iki nüsxədə qəbz çap olunur. Bir nüsxə protokola əlavə olunur, ikinci nüsxə isə protokolun surəti ilə birlikdə inzibati xəta törətmiş şəxsə verilir. İnzibati xəta törətmiş şəxsin plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilir və bu barədə protokolda qeyd aparılır. Cərimə bildirişi xüsusi hazırlanmış və DYP əməkdaşlarına nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilir.

Yol hərəkəti qaydalarını pozmuş şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə və ya tətbiq edilən inzibati tənbeh növü ilə razılaşmadıqda, inzibati xəta haqqında protokol inzibati xətalar haqqında işlər üzrə icraatın həyata keçirilməsi üçün 1 iş günü ərzində aidiyyəti üzrə DYP hissəsinə göndərilir. Bu halda inzibati xəta törətmiş şəxsə dərhal protokolun surəti verilir.

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 3 aydan çox olmamaq şərti ilə tətbiq edilir.

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya DYP-nin vəzifəli şəxsi inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Həmin qərar inzibati xəta törətmiş şəxsə üç günədək müddətdə təqdim edilir. Həmin nəqliyyat vasitəsi DYP əməkdaşı tərəfindən dayandırılır, şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağında saxlanılır.

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu ödənildikdə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərara xitam verilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görülür.

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişdən azad edilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar