Yeni helikopter açıqlaması
14 Noyabr 2014 Cümə 11:06
Keyt Barnes: Tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırırıq.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən başqa alternativ yoxdur. Bunu ATƏT-də ABŞ missiyası rəhbərinin müavini Keyt Barnes bildirib.

ANS PRESS-in məlumatına görə, o deyib ki, ABŞ ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-inin qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin münaqişə tərəfləri ilə apardığı işləri yüksək qiymətləndirir.

"Biz Soçidə, Nyu Portda və Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşlərini alqışlayırıq. Ümid edirik ki, 2015-ci ildə d' prezidentlərin dialoqu davam etdirəcəklər. Sülhdən başqa münaqişənin alternativ həlli yoxdur"- deyə Barnes bildirib.

K.Barnes bir gün əvvəl baş vermiş hadisədən təəssüfləndiyini və həlak olanların ailələrinə başsağlığı verib: "Biz münaqişə tərəfləri atəşkəs rejiminə riayət etməyə və gərginlikdən çəkinməyə çağırırıq. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Həmsədr Ceyms Uorlikin dediyi kimi, biz sülh üçün tərəflərlə işləməyə hazırıq."

Xatırladaq ki, noyabrın 12-də Ermənistana məxsus Mi-24 döyüş helikopteri Ağdamda mövqelərimizə hücuma cəhd etdiyi üçün vurulub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar