Şabli Göygöl ilə dostluğu möhkəmləndirir
08 Sentyabr 2014 Bazar Ertəsi 12:19
“Yonn Redspublikası” qəzetində dərc olunan “Şabli Göygöl ilə dostluğu möhkəmləndirir” sərlövhəli məqalə deyilənlərə əyani sübutdur.
Son zamanlar Fransa mətbuatında Fransa ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın sürətlə inkişafından, dostluq əlaqələrinin daha da dərinləşməsindən və genişlənməsindən bəhs edən məqalələrə tez-tez rast gəlinir. Ölkələrimizin müxtəlif rayonları arasında dostluq xartiyalarının bağlanmasından söhbət açılan yazılara mütəmadi yer verilir.

“Yonn Redspublikası” qəzetində dərc olunan “Şabli Göygöl ilə dostluğu möhkəmləndirir” sərlövhəli məqalə deyilənlərə əyani sübutdur.

Məqalədə Fransanın Şabli və Azərbaycanın Göygöl regionları arasında dostluq xartiyasının bağlanmasına dair sənədin imzalanmasının Yonn əyaləti ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini gücləndirdiyi xüsusi diqqətə çatdırılıb.

Müəllif, xanım Miryəm Lebre Şablinin meri Patrik Jandro və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun imzaladıqları dostluq və əməkdaşlıq haqqında xartiyanı üzümçülüklə məşğul olan hər iki regionun həyatında mühüm hadisə kimi dəyərləndirib, Fransa ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında müsbət rol oynadığını qeyd edib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, son illər bu istiqamətdə aparılan işlər öz müsbət nəticəsini verib və münasibətlərimizdə yeni səhifə açıb.

Yonn vilayəti baş şurasının sədri Andre Vilyenin də bu cür müqavilələrin mühüm əhəmiyyətini qeyd edib.

Məqalədə senatorlar Andre Vilye və Natali Qulenin ölkəmizə səfərləri, Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmlənməsi sahəsində gördükləri işlər barədə məlumat verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar