Rövşən Lənkəranski azadlıqda
19 Mart 2010 Cümə 12:20
"Qanuni oğru" Rövşən Lənkəranski Bakıda məhkəmə zalından azadlığa buraxıldı.
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmündə qeyd olunub ki, R. Canıyev 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilir. Təqsirləndirilən şəxs həmin cəzanı istintaq müddətində çəkdiyinə görə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, R. Canıyev 2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 15, 94.6-cı (qəsdən adam öldürməyə cəhd) və hazırkı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.

Bu cinayət işi ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyi 1975-ci il təvəllüdlü, “qanuni oğru” Rövşən Canıyev haqqında beynəlxalq axtarış elan edib.

2008-ci ilin fevralında Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı “Rövşən Lənkəranski” ləqəbli Rusiya vətəndaşı Rövşən Rafiq oğlu Canıyev həbs olunub.

Şevçenko rayon Məhkəməsi Rövşən Canıyev haqqında 40 günlük həbs qərarı çıxarsa da, Ukraynada qaçqın status aldığına görə həbsdən azad edilib. Daha sonra məhkəmə Rövşən Canıyevin qaçqın statusunu ləğv edib.

Rövşən Canıyev 2009-cu il dekabrın 3-də Ukrayna DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kiyevdə saxlanıb. Onunla birlikdə hazırda Kiyevdə yaşayan, paytaxt restoranlarından birinin sahibi olan Rusiya vətəndaşı və onun üç mühafizəçisi də tutulub. Onların üzərindən rezin güllələr üçün nəzərdə tutulmuş “Fort-12P” və “PMR-9” tapançaları və “Vulkan” markalı karabin götürülüb. Bundan başqa maşında aparılan axtarış zamanı daha bir “Fort-12P” tapançası aşkarlanıb.

Rövşən Canıyev 2009-cu il dekabrın 12-də Azərbaycana gətirilib. ANSPRESS 


DOSTLARINLA PAYLAŞ:

oyunlar