Meşə qardaşları silahlı birləşməsinin fəallarından olan Samir Mehdiyevə hökm oxunub
19 İyul 2011 Çərşənbə Axşamı 11:52
Bakı Ağır Cinayətlər Məhkəməsində “Meşə qardaşları” silahlı birləşməsinin fəallarından olan Samir Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə Samir Mehdiyev cəzasının 2 ilini qapalı rejimdə çəkmək şərti ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən Samir Mehdiyevin cəzasının 3 ilini qapalı rejimdə çəkməklə 15 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Samir Mehdiyevin üzvü olduğu silahlı birləşmə 2008-ci il avqust ayının 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” adı ilə tanınan “Cümə” məscidində partlayış törətməkdə ittiham olunur. Belə ki, məscidə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.

MTN tərəfindən həmin cinayətin açılması istiqamətində həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, cinayətdə şübhəli bilinən şəxslər, əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən, özünü “Dağıstan camaatı”nın əmiri elan etmiş “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir.

MTN tərəfindən “Meşə qardaşları”nın digər üzvləri həbs olunsalar da, Samir Mehdiyev gizli yollarla Pakistan İslam Respublikasının Penjebura, oradan isə Kvetta şəhərinə qaçıb. 2010-cu ilin yanvar ayında MTN-in əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb. 2010-cu il martın 16-da Samir Mehdiyev Pakistandan Azərbaycana gətirilib. APA