Bakıda tıxaca ağır zərbə
21 İyul 2014 Bazar Ertəsi 15:33
Bilgəh-Novxanı-Sumqayıt istiqamətində yeni yol tikilir.
Bilgəh-Novxanı-Sumqayıt istiqamətində yeni avtomobil yolunun tikinti işləri davam edir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, işlər başa çatdırıldıqdan sonra sözügedən yol Bakı-Quba-Rusiya Ferderasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək.

“Ümumi uzunluğu 42km nəzərdə tutulan Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5km hissəsində tikinti işləri başa çatdırılmışdır. Yolun 16,5-22km , 28-37km hissələrində işlər davam etdirilir. Yolun 16,5-22km hissəsində 4 körpüdən 3-ü tikilmişdir. Hazırda ərazidə müxtılif qazma və tökmə torpağ yatağının tikintisi işləri gedir”, - deyə Pünhan Mürsəliyev bildirib.

Qeyd edək ki, yolun 28-37 km hissəsində 3 körpü, 1 mal-qara keçidi nəzərdə tutulub. Artıq 2 körpü, 1 heyvan keçidində son tamamlanma işlərilə yanaşı optimal tərkibli çınqıl layın tikintisi davam etdirilir. Yaxın günlərdə 3qat asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq.

Bundan əlavə, hər iki sahədə tikinti altına düşən maneələrin qiymətləndirilməsi və relyefə uyğun olaraq düzbucaqlı suötürücülərin quraşdırılması işləri həyata keçirilir.

Layihənin sözügedən hissələrində işlərin 2015-ci ildə tamamlanması planlaşdırılır.
“Məqsəd Abşeron yarmadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistralları ilə nəqliyyat əlaqəsini təmin etməkdir. Bu da öz növbəsində paytaxtın mərkəzi hissəsində nəqliyyat yükünün azalmasına gətirib çıxaracaq", - deyə P.Mürsəliyev əlavə edib.







DOSTLARINLA PAYLAŞ:

oyunlar