Azərbaycanda daha bir bəbir göründü
29 Noyabr 2012 Cümə Axşamı 11:35
Bəbir Hirkan Milli Parkında qeydə alınıb
Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı daha bir Qafqaz bəbiri qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, 25 oktyabrda Hirkan Milli Parkında quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin fotoşəkli çəkilib.

Xatırladaq ki, 6 sentyabr 2012-ci il tarixində də Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı Parkın ərazisində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin ilk fotoşəkli çəkilmişdi.

Bu faktlar son illərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur və nəticə etibarilə bəbirin yaşaması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir.

Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verib.

Aparılan tədbirlərin nəticəsidir ki, son zamanlar Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində bəbirlər özlərini daha təhlükəsiz hiss edərək sərbəst yaşayır və tez-tez müşahidə olunurlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar